Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.
KOBİA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, bu il yanvarın 1-dən ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxan ixtisaslaşdırılmış kommersiya məhkəmələri fəaliyyətə başlayıb. Qeyd edilən məhkəmələrin yaradılmasında məqsəd sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrdə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsidir.
Həmçinin məhkəmədə iddia qaldırmaq istəyən, ona qarşı iddia qaldırılmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə elektron kabinet aça bilərlər. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə elektron kabinetin yaradılması sahibkara ona qarşı məhkəmədə qaldırılmış iddia barədə məlumatlı olmaq, ərizə və ona əlavə edilmiş sənədlərlə tanış olmaq, məhkəmə iclaslarının yeri və vaxtı barədə, həmçinin hüquq və vəzifələri ilə bağlı ətraflı məlumat almaq, elektron kabinet vasitəsilə məhkəməyə müraciət göndərmək, məhkəmə qərarlarını əldə etmək, bir sözlə bütün məhkəmə prosesini izləmək, harada (xaricdə və ya ölkə ərazisində) olmasından asılı olmayaraq etiraz, vəsatət, şikayət (apelyasiya şikayəti) vermək imkanı yaradır.
Sahibkarlar qeyd edilmiş internet səhifələrinə daxil olmaqla “Elektron Məhkəmə İnformasiya Sistemi” barədə ətraflı məlumat əldə edə və öz elektron kabinetlərini yarada bilərlər:
Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalı - https://courts.gov.az/az/
Məhkəmə-Hüquq Şurasının internet səhifəsi - http://www.judicialcouncil.gov.az/
Ali Məhkəmənin saytı - http://www.supremecourt.gov.az/
Sahibkarlar “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə elektron kabinetin yaradılması zamanı dəstəyə ehtiyac olarsa, KOBİA-nın KOB dostlarına müraciət edə bilərlər: (https://bit.ly/3l7Ymej)