Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.
KOBİA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir biznes subyekti fəaliyyəti dövründə müxtəlif zərər və itkilərlə qarşılaşa bilər. Yanğın nəticəsində sahibkarın əmlakının və malının yanması, təbii fəlakətlər, bitki xəstəlikləri və zərərvericiləri ilə bağlı fermerlərin məhsullarının tələf olması sahibkarların daha çox qarşılaşdığı neqativ hallardır. Bu kimi hadisələr zamanı yaranmış zərəri və itkini minimuma endirmək üçün sığorta vacibdir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sığortanın biznes fəaliyyəti üçün vacibliyini bir daha diqqətə çatdırır, sahibkarları, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərini əmlak, mal və məhsullarını sığorta etdirməyə çağırır. Sahibkarlıq subyektləri özləri əmlak, mal və məhsullarının sığortalanmasında maraqlı olmalıdırlar. Ölkədə müxtəlif sığorta şirkətləri fəaliyyət göstərir ki, sahibkarlar onlar arasından daha uyğun olanı seçərək əmlakını, mal və məhsulunu sığorta etdirə bilər.