Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bu ay Bağdadda keçirilməsi planlaşdırılan 60 illik yubiley tədbiri koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi OPEC-ə istinadla xəbər verir ki, İraqın Neft naziri İhsan Əbdül Cabbar OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindoya göndərdiyi məktubda təşkilatın 60-cı ildönümünə ev sahibliyi edə bilməyəcəklərindən məyusluq duyduqlarını bildirib. Nazir insanların sağlamlığı və təhlükəsizliyinin çox vacib məsələ olduğunu vurğulayıb.
Qeyd edək ki, bu il sentyabrın 10-14-də İraqın paytaxtında OPEC-in 60 illik yubileyinin keçirilməsi nəzərdə tutulurdu.
OPEC 5 qurucu üzv - İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən 1960-cı ildə Bağdadda yaradılıb. Hazırda kartelə 13 neft istehsal edən ölkə üzvdür.
OPEC, həmçinin bu ay təşkilatın katibliyinin Avstriyanın paytaxtı Vyanaya köçməsinin 55-ci ilini qeyd edir.