Koronavirus pandemiyasının vurduğu zərərdən sonra dünya iqtisadiyyatı bərpa olunur, lakin bu proses bəzi amillərə görə bir qədər ləngiyə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Bloomberg agentliyinə müsahibə verən ekspertlər deyib.
Məqalədə dünya iqtisadiyyatının bərpasının ləngiməsinə səbəb ola biləcək amillər sırasında vaksinin hazırlanması prosesi başa çatanadək qış aylarında infeksiyanın yeni yayılma dalğası, iqtisadiyyata dəstək üzrə proqramın vaxtından əvvəl yekunlaşdırılması, həmçinin ABŞ-da prezident seçkiləri öncəsi Vaşinqton və Pekin arasında gərginliyin potensial artması göstərilir.
“Pimco” investisiya fondunun əməkdaşı Yoahim Felsin fikrincə, dünya iqtisadiyyatının hazırkı bərpa templəri “pik” səviyyəyə çatıb və bu proses tədricən zəifləyəcək.
Qeyd olunur ki, müxtəlif ölkələrdə iqtisadiyyatın stimullaşmasına xərclənən ümumi vəsait artıq 20 trilyon dollara çatıb. Bu vəsaitin tətbiqi çox vaxt uğurlu alınıb. Agentlik əsas diqqəti ABŞ-da işsizlik səviyyəsinin azalmasına, Çin iqtisadiyyatının “davamlı bərpasına”, həmçinin Almaniyada sənaye istehsalının artmasına yönəldib. Ekspertlərin fikrincə, hakimiyyətlər qeyd olunan proqramların reallaşması prosesini davam etdirməlidir.
“Moody's Analytics” kompaniyasının şöbə müdiri Rayan Suitin sözlərinə görə, avqust ayında ABŞ-da 1,4 milyon yeni iş yerinin açılması “düzgün istiqamətdə atılan vacib addımdır”. O qeyd edib ki, stimullaşdırıcı tədbirlər görülmədən bərpa prosesində bu tempi saxlamaq mümkün olmayacaq.
Avstraliya Milli Universitetinin və “Brookings” İnstitutunun eksperti Uorik Makkibbinin hesablamalarına görə, koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ümumi zərər 2025-ci ildə 35 trilyon dollara çata bilər. Analitik hətta vaksin hazırlandıqdan sonra belə onun lazımi sayda istehsal edilməsi üçün zamana ehtiyac olduğunu deyib.
“İqtisadi zərər aradan qaldırılana qədər əhalinin əhəmiyyətli hissəsi peyvənd olunmalıdır.”, - deyə Uorik Makkibbin bildirib.