Azərbaycandan keçməklə Çindən Avropa istiqamətində yeni yük qatarı marşrutu istifadəyə verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 10-da Çinin şərqindəki Cıcian vilayətinin Cinhua şəhərindən bu marşrut üzrə yola çıxan ilk yük qatarının 15-18 gün sonra Bakıya çatması planlaşdırılıb. Sənaye avadanlığı və məişət əşyaları da daxil olmaqla müxtəlif növ mallar yüklənmiş yüz konteynerdən ibarət qatar Qazaxıstanın Xəzər dənizi sahilindəki Aktau limanına çatdıqdan sonra oradan bərə ilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yola salınacaq.
Cıcian vilayətindəki beynəlxalq nəqliyyat şirkətinin baş direktoru Çian Yon bildirib ki, bu marşrutla yüklərin daşınmasına ənənəvi quru yolu-dəniz nəqliyyatı ilə müqayisədə daha az vaxta reallaşacaq. İlkin mərhələdə marşrut üzrə ayda 1-2 qatarın yola salınması nəzərdə tutulsa da, gələcəkdə qatarların sayı artırılacaq. O, yeni marşrutun rəhbərlik etdiyi şirkətin işlərini xeyli asanlaşdıracağını bildirib.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləndən sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınması həyata keçirilir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin meqalayihəsi olan “Bir kəmər, bir yol” təşəbbüsünün icrasına da əhəmiyyətli töhfələr verir.