Sentyabrın 17-18-də Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının videokonfrans formatında 53-cü İllik Toplantısı keçiriləcək.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, toplantıda Azərbaycanı Maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov təmsil edəcək. Üzv ölkələrdən nazirlərin, mərkəzi bank rəhbərlərinin, yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin qatılacağı toplantıda COVID-19 pandemiyası ilə mübarizə, postpandemiya dövründə iqtisadiyyatların bərpası zamanı yaranacaq çağırışların dəstəklənməsi, daxili resursların səfərbər edilməsi ilə davamlı inkişafa nail olmaq, eləcə də Asiya və Sakit Okean bölgəsinin gələcək inkişafını təmin edəcək iqtisadi, maliyyə, sosial proqramlar və digər məsələlər müzakirə olunacaq.
İllik Toplantının ilk günündə ADB-yə üzv ölkələrin maliyyə və səhiyyə nazirlərinin xüsusi videogörüşü nəzərdə tutulub. Görüşdə Asiya və Sakit okean bölgəsində COVID-19 xəstəliyi ilə mübarizədə ölkələrin təcrübəsi, səhiyyə sistemlərinin vəziyyəti, ümumi tibbi təminatın gücləndirilməsi vasitəsilə dayanaqlılığın artırılması, pandemiya ilə mübarizənin səhiyyə və maliyyə aspektlərinə dair fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, cari il iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava və bank rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımlar müzakirə olunaraq tam şəkildə dəstəklənib.
Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində, həmçinin Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının “Çıxarılan nəticələr və inkişaf yolu” mövzusunda iclası keçiriləcək. İclasda Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, ADB-nin Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı bu il mayın 4-5-də Koreya Respublikasının İnçion şəhərində keçirilməli idi. Lakin toplantının COVID-19 pandemiyası ilə əlaqədar keçirilməsi mümkünsüz olub və iclasın iki mərhələdə - mayın 22-də ADB-nin baş qərargahının yerləşdiyi Filippinin paytaxtı Manilada qısaldılmış, cari ilin sentyabrın 17-18-də isə videokonfrans formatında əsas iclaslarının keçirilməsinə dair qərar qəbul edilib.
1966-cı ildə yaradılan ADB-nin 67 ölkə-üzvü var. Azərbaycan ADB-yə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası ADB-nin Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.