“Azərkosmos”: Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda davamlı monitorinqlər aparılır
İşğal altındakı torpaqlarımıza gedən ən strateji yollardan biri, artıq ordumuzun atəş nəzarəti altında olan Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda “Azersky” peyki vasitəsilə davamlı monitorinqlər aparılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Azərkosmos” ASC məlumat yayıb.
“Bu gün cəsarətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmən üzərində qələbəyə doğru böyük inamla irəliləyir. Əminik ki, tezliklə zəfər bizim olacaq!”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabrından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb.