Memarlar Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda - 1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qədim mədəniyyətə və tarixə malik Azərbaycanda da bu əlamətdar gün hər il qeyd edilir.
Hələ ötən əsrlərdə Azərbaycanda Ploşko, Skibinski, Qoslavski, Exler kimi əcnəbi memarlar çalışaraq nadir memarlıq abidələri yaradıblar. O dövrdə, həmçinin Azərbaycanın tanınmış memarları - Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, Məşədiqafar İsmayılovun layihələri əsasında xüsusən də Bakıda, Şamaxıda və respublikanın digər regionlarında xeyli sayda tarixi binalar inşa olunub.
Qeyd edək ki, sovet dövründə də Azərbaycan dünya şöhrətli memarları ilə tanınıb. Belə ki, Mikayıl Hüseynov, Sadıq Dadaşov, Həsənağa Məcidov, Qəzənfər Əlizadə, Ənvər Qasımzadə və digərləri öz dövrünün memarlığı üslubunda gözəl əsərlər yaradıblar.
Həmin dövrdə, yəni XX əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev memarlığa, o cümlədən milli memarlığa, tarixi və müasir memarlıq üslublarından istifadəyə daim böyük diqqət yetirib. Məhz o illərdə çoxlu sayda digər gözəl memarlıq nümunələri hesab edilən binalar inşa edilib. Nəinki paytaxtda, eləcə də Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müasir yaşayış kompleksləri salınıb, böyük müəssisələr tikilib.
1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətində prioritet istiqamətlərindən biri də memarlıq və şəhərsalma məsələləri olub. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan memarlığı dünya memarlığına da böyük töhfələr verib. Tanınmış memar Zaha Hadidin layihəsi ilə inşa olunmuş Heydər Əliyev Mərkəzi müasir dünyada memarlıq xəzinəsində özünəməxsus yer tutur.
Ümumilikdə isə bu günədək gəlib çatmış və gələcək nəsillər üçün qorunan nadir memarlıq əsərləri Azərbaycan memarlarının fitri istedadını dünyaya nümayiş etdirir. Hətta gənc memarlarımız belə, nəinki respublikamızda, onun hüdudlarından çox-çox uzaqlarda da öz dəstxətləri ilə tanınırlar.
Müstəqillik illərində bir çox memarlarımız beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb, fəxri adlarla, orden və medallarla təltif ediliblər. Ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, nəhəng layihələrdə memarlarımızın uğurlu iştirakı isə Azərbaycan memarlarının istedadının əyani təzahürüdür.