2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 dəmir yolu sərnişin stansiyasının yenidən qurulması, aktivləşdirilməsi və ya inşası, o cümlədən Biləcəri stansiyası ilə Bakı Dəmir Yolu Vağzalı arasında “Şimal-Cənub” istiqamətindəki dəhlizboyu 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ictimaiyyətə təqdim olunan Bakı şəhərinin Baş planının layihəsində deyilir.
Sənədə görə, Lökbatan qəsəbəsindən keçən dəmir yolu infrastrukturunun yenidən qurulması və sərnişin stansiyası kimi xidmət göstərməsi, Lökbatandan Bakı Dəmir Yolu Vağzalına müntəzəm şəhərətrafı dəmir yolu reyslərinin açılması planlaşdırılır.
Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndi və Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, habelə “Qaradağ-Güzdək”, “Zabrat-Maştağa-Zağulba” dəmir yolu dəhlizlərinin və Qaradağ rayonu ərazisində 2 yeni dayanacaq məntəqəsinin yaradılması nəzərdə tutulur.
Bunlarla yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni dəmir yolunun çəkilməsi, Heydər Əliyev Beynəlxalq Aeroportundan Yeni Suraxanı və Binə qəsəbələrinə doğru uzanan yeni dəmir yolu xəttinin inşası, o cümlədən Hövsan dəmir yolu stansiyasının fəaliyyətinin bərpası planlaşdırılır.
Şəhər mərkəzinin yarımadanın şimal istiqaməti ilə birbaşa dəmir yolu bağlantısının təmin edilməsi və dəmir yolu nəqliyyatının əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2040-cı ilədək yeni “Binəqədi-Mehdiabad-Fatmayı-Pirşağı” dəmir yolu dəhlizinin yaradılması nəzərdə tutulur.
2040-cı ilədək Abşeron yarımadası üzrə dəmir yolu şəbəkəsinin ümumi uzunluğunun 198 kilometrdən 280 kilometrə, stansiyaların sayının isə 26-dan 55-ə çatdırılması planlaşdırılır.
Hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri var. Qeyd olunan mövcud infrastruktur yenidən aktivləşdirilə və “tramvay-elektrik qatarı” sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər.