Düşmən növbəti təxribatını Azərbaycan banklarının adından saxta məktublar göndərməklə həyata keçirir - FOTOLAR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən Azərbaycan banklarının adından elektron poçtlar vasitəsilə saxta məktublar göndərildiyini qeydə alıb.
Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məktublarda qeyd olunur ki, guya əsas serverlər erməni hakerlər tərəfindən hücuma məruz qaldığından məktublar “proxy” serverlər üzərindən göndərilir. Müraciətdə o da qeyd edilir ki, guya kiber hücumlarla bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Mərkəzi Bank vətəndaşları bank hesablarından vəsaitlərini çıxarmağa çağırır.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribatdır. Düşmənin məqsədi dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.
Vətəndaşlardan bir daha xahiş olunur ki, tanımadıqları şəxslərdən gələn məlumatlara etimad etməsinlər və öncə məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.
Həmçinin vətəndaşlardan hər hansı kiberhücumla üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda “www.cert.az” saytı və ya “[email protected]” elektron poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmələri, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (“screenshot”) və digər elektron sübutları saxlayıb xidmətə göndərmələri xahiş olunur.