NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatasının həmsədri, Türkiyə Odalar və Borsalar Birliyi İdarə Heyətinin üzvü Öztürk Oran çıxış edib.
Öztürk Oran sentyabrın 27-də erməni hərbi birləşmələrinin Azərbaycana işğalçı hücumlarına başlamasını pisləyib və hər zaman qardaş ölkə Azərbaycana dəstək olduqlarını bildirib.
Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatasının həmsədri, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov bildirib ki, bu gün azərbaycanlı sahibkarlar da ordumuzun yanındadır və hər kəs ordumuza əlindən gəldiyi qədər dəstək göstərir. Türkiyəli iş adamlarının Azərbaycana dəstək məqsədilə bu toplantıya qatılmasından qürurlandığını bildirən Vüqar Abbasov işğal altında olan torpaqlarımız azad olunduqdan sonra türkiyəli iş adamları ilə birgə həmin torpaqlarda yeni şirkətlər quracaqlarını, iş yerləri yaradacaqlarını, bölgənin iqtisadi inkişafına bərabər töhfə verəcəklərinə əminliyini ifadə edib.
Sonra çıxış edən türkiyəli sahibkarlar işğaldan azad olunacaq bölgələrdə yeni həyatın başlanmasına öz töhfələrini verəcəklərini diqqətə çatdırıblar.
Onlayn tədbirdə türkiyəli sahibkarların Azərbaycana dəstək nümayişi ilə bağlı sosial şəbəkədə paylaşdıqları statuslardan parçalar, eləcə də Türkiyə Odalar və Borsalar Birliyi binasının milli bayrağımızın rənginə bürünmüş görüntüləri nümayiş etdirilib.