“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində təlimlər davam edir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində təlim keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 30-dan çox məktəblinin iştirak etdiyi təlimdə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova təlimin mahiyyəti və aktuallığı barədə məlumat verib.
3 komandanın iştirak etdiyi təlimin növbəti mərhələdə “Büdcəmizi anlayaq” mövzusunda nazirliyin əməkdaşlarının slaydlar vasitəsi ilə təqdimatı olub, təlimin interaktiv hissəsində interaktiv oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb.
Sonra məktəblilərin təqdimatı dinlənilərək səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb, fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə ilin sonuna qədər “Büdcəmizi anlayaq” layihəsinin muxtar respublikanın digər ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub.