Muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsi, innovativ texnologiyaların və müasir idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, emal sektorunun inkişafının yüksəldilməsi, yerli istehsal məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Son illərdə sahibkarlığın inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradıbdır. Həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, yüzlərlə müasir müəssisə fəaliyyətə başlamış, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıbdır. Bu gün sənayenin inkişafına yeni təkan vermək, özəl sektorun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye zonalarının yaradılması uğurla davam etdirilir.
Sosial-iqtisadi inkişafa dair qəbul edilən dörd Dövlət proqramının icrası çərçivəsində muxtar respublikada da böyük işlər görülüb, infrastruktur layihələri həyata keçirilibdir. Cari ilin ötən dövrü ərzində iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə dəstəyi və özəl investisiya hesabına 112 istehsal və xidmət sahəsi istifadəyə verilib, 58 sahənin yaradılması davam etdirilibdir.
Yeni istehsal sahələri muxtar respublika iqtisadiyyatında əlavə dəyər yaratmaqla yanaşı, regionların inkişafının sürətləndirilməsinə və məşğulluğun təmin olunmasına mühüm töhfələrini verir. Belə ki, müxtəlif istiqamətlər üzrə yaradılan yeni sahələrdə 415 yeni iş yeri açılıb, 650 yeni iş yerinin açılması istiqamətində işlər davam etdirilibdir.
Özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafı biznes mühitinin yaxşılaşdırılması, yeni iş yerləri yaradılmasının göstəricisi olmaqla bu sahədə həyata keçirilən uzunmüddətli işlərin nəticəsidir. Sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu yaradılıb və Fondun vəsaitləri regionun hərtərəfli inkişafı üçün prioritet olan istiqamətlər üzrə həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilməkdədir. Fond tərəfindən cari ilin ötən dövrü ərzində 111 layihənin maliyyələşdirilməsinə 12 milyon 846 min manatdan çox güzəştli kredit vəsaiti ayrılıb, həmin vəsaitlər sənaye, xidmət və kənd təsərrüfatı təyinatlı müəssisələrin yaradılmasında istifadə olunubdur.
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Məhz bu amil nəzərə alınaraq, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, mövcud olanların fəaliyyəti bərpa edilir. Son illərdə 400-dən çox sənaye müəssisəsinin yaradılması, bu müəssisələrdə 384 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi sahibkarlığın inkişafının nəticəsidir.
Bazar iqtisadiyyatı şəraitində ümumi iqtisadi fəallıqda əsas yeri kiçik və orta sahibkarlıq subyektləri tutur. Təşəbbüskarlıqda həlledici rol da məhz onlara məxsusdur. Ailə təsərrüfatlarının inkişaf etdirilib, onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər, bu mənada sahibkarlığın da genişləndirilməsi üçün əlverişli imkanlar yaradıbdır. Ailə təsəsrrüfatlarının inkişafı rayon və kəndlərdə özünəməşğulluğun təmin olunması, əhlinin rifah halının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
2020-ci ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrdən heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, süd məhsullarının emalı və qablaşdırılması, unlu-qənnadı məmulatların paketlənməsi üçün xammalın və taranın alınması, qovurmanın qablaşdırılması məqsədilə 37 ailə təsərrüfatına 414 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilibdir.
Sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkarlara, iş adamlarına daim dəstək göstərməsi iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə öz töhfəsini verir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti