Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2020-ci ilin üçüncü rübündə muxtar respublikada POS-terminalların quraşdırılması vacib olan obyektlərdə 64 ədəd yeni aparat quraşdırılmaqla onların sayı 1374-ə, bankomat aparatlarının sayı isə 113-ə çatdırılıb.
POS-terminal, internet və digər ödəniş vasitələri də daxil olmaqla həyata keçirilən nağdsız əməliyyatların həcmi 23 milyon 963 min 295 manat, o cümlədən POS-terminallar vasitəsi ilə həyata keçirilən əməliyyatların həcmi 8 milyon 139 min 971 manat təşkil edib.
Qeyd edilən dövrdə özəl sektorda 126 vergi ödəyicisi üzrə 373 işçinin əmək haqqının ödəniş kartları ilə ödənilməsi təmin olunub, publik hüquqi şəxs statuslu müəssisələrdə ödənişlərin onlayn və POS-terminallarla qəbulunu təmin etmək məqsədilə daha 11 müəssisədə 14 yeni POS-terminal aparatları quraşdırılıb.
Həmçinin 102 vergi ödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kart vasitəsilə, 135 vergi ödəyicisi tərəfindən isə şəxsi kartları (şəxsi istifadə, birkart, təqaüd və s. kartlar) vasitəsilə vergi və sosial ayırmaların nağdsız qaydada ödənilməsi təmin edilib.