Azərbaycan Respublikasında milli iqtisadi inkişafın çoxşaxəli perspektivlər üzrə inkişaf etdirilməsi onun səmərəli regional siyasətinin də məhsuldarlığına yol açmaqdadır. Xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin başlatdığı müasir iqtisadi islahatlar Naxçıvan Muxtar Respublikasından başlanmaqla bütövlükdə ölkəmizin regional və milli iqtisadiyyat quruculuğu proseslərində hərəkətverici amil oldu.
Ötən illərdə, xüsusən də böyük ideyalara söykənməklə son 22 ildən artıq dövrdə iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi onun müqavimət gücünün də artmasına stimul vermişdir. Ardıcıl uğurları ilə seçilən bu məqsədlər istiqamətində qətiyyətli addım atmaqla muxtar respublikada 1995-2017-ci illərdə:
· əsas makroiqtisadi göstərici olan ümum daxili məhsul istehsalı 62 dəfə;
· sənaye məhsulunun həcmi 106 dəfə;
· əsas kapitala yönəldilən investisiyaların həcmi 330 dəfəyə yaxın;
· kənd təsərrüfatının ümumi məhsulu 12 dəfə;
· informasiya və rabitə xidmətləri 118 dəfədən çox;
· pərakəndə əmtəə dövriyyəsi 46 dəfəyə yaxın;
· əhaliyə göstərilmiş ödənişli xidmətlər 62 dəfəyə yaxın;
· orta aylıq əmək haqqı 26 dəfədən çox artmışdır.
Naxçıvan Muxtar Respublikası 2018-ci ilin birinci yarısını artıq geridə qoydu. Ötən dövr muxtar respublikada bütün üstün tərəflərilə yanaşı, həm də:
- islahatların davam etdirilməsi və uzaq gələcək üçün ən yaxşı, eləcə də ən səmərəli mexanzimlərin tətbiqi ilə;
- hədəflərə doğru inamla, daha da güclü potensialla addımlamaqla;
- ölkənin əldə etdiyi sosial-iqtisadi inkişafa verdiyi töhfələrlə;
- sosial-iqtisadi inkişaf proseslərinin təkcə daxili persepktivlərə deyil, həm də beynəlxalq miqyaslı təşəbbüslərə etdiyi hərəkətverici təsiri ilə;
- milli iqtisadi quruculuq proseslərindəki məhsuldar rolu ilə yadda qaldı.
Bunu cari ilin ötən yanvar-may aylarındakı sosial-iqtisadi nəticələr də göstərir. Belə ki, bəhs edilən dövrdə əsas makroiqtisadi göstəricinin həcmi 959 milyon 712 min 800 manat dəyərində olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,3 faiz artıqdır. Bu, muxtar respublikada çoxşaxəli və çoxsahəli iqtisadi inkişafın ən dolğun ifadəsi və ən gerçək mənzərəsidir.
Məhz ÜDM-nin hər bir nəfərə düşən həcminin əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 2116,7 manat olması da fikrimizi təsdiq etməkdədir.
Artıq sənaye muxtar respublika iqtisadiyyatında aparıcı sahədir. Əsas makroiqtisadi göstərici olan ÜDM-nin strukturunda ilk yerdə qərarlaşıb. Bu onu deməyə əsas verir ki, muxtar respublikada iqtisadiyyatın aqrar üstünlüyü ilə yanaşı sənayenin əhəmiyyəti kifayət dərəcədə yüksəlib. Elə bunun nəticəsidir ki, 2018-ci ilin yanvar-may aylarında muxtar respublikada 431 milyon 456 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,6 faiz üstələmişdir. Təbii ki, bu, bir tərəfdən mövcud sahə üzrə məhsuldarlığı göstərirsə, digər tərəfdən həm də yüksək perspektivliyə malik olan muxtar respublika iqtisadiyyatının gələcək uğurlarının da xəbərçisi kimi çıxış etməkdədir.
İndi hər bir insan, hər bir Naxçıvan sakini yaşadığı, havasını udduğu, suyunu içdiyi, çörəyini yediyi bu müqəddəs torpağa ürəkdən və möhkəm tellərlə bağlanır. Torpağın hər bir qarışını milli sərvətin tərkib hissəsi kimi qəbul etməklə, ona xeyir və bərəkət rəmzi olaraq yanaşır. Əkmək, becərmək, sabahı və gələcəyi bu amillərlə bağlamaq artıq hər addımda özünü göstərir. Dövlətimizin də kənd təsərrüfatı sahəsində prioritet olaraq seçdiyi məsələ torpaqdan səmərəli, düzgün və təyinatı üzrə istifadə edilməsindən ibarət olması artıq hər bir zəhmətkeşin, hər bir kəndlinin hədəfinə çevrilmişdir. Məhz bu məqsəd, bu hədəf isə kənd yerlərində təsərrüfat sahəslərinin məhsuldarlığını artırmış, kənd təsərrüfatı sahəsində məhsul istehsalının inkişafı dinamikasına çevrilib. Sevindirici hal isə ondan ibarətdir ki, bu prosesləri muxtar respublikanın bütün ucqar ərazi və kəndlərində görmək mümkündür. Yaradılmış sağlam iqtisadi fəaliyyət mühiti isə muxtar respublika iqtisadiyyatında kənd təsərrüfatının çəkisinin də artmasına imkanlar açıb. Nəticədə isə aqrar sektor milli iqtisadi inkişafa öz əsaslı töhfələrini verməklə, müəyyən edilən hədəflərə birbaşa xidmət etməkdədir. Təsadüfi deyildir ki, 2018-ci ilin yanvar-may aylarında kənd təsərrüfatı məhsullarının istehsal həcmi bir il öncəyə nisbətən 3,5 faiz artmaqla, 52 milyon 123 min 800 manat təşkil edib.
Beləliklə, Naxçıvan Muxtar Respublikası qeyd olunan sosial-iqtisadi inkişaf göstəricilərinin bütün sahələr üzrə davamlılığını və artım tempini özündə əks etdirməkdədir. Hər birimiz üçün qürur olan bu potensial cari ilin I yarım ilində böyük perspektivlər kimi yadda qalacaq.
Cavadxan Qasımov
İqtisad üzrə fəlsəfə doktoru, dosent