İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirlik tərəfindən Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrin Gəmiqaya Mebel Fabrikində istehsal prosesi ilə əyani şəkildə tanışlığı təşkil olunub.
Tələbələrə bildirilib ki, 2010-cu ildə fəаliyyətə başlayan müəssisədə müxtəlif çeşiddə mebel istehsalı üçün Almaniya, İtaliya və Türkiyənin müasir texnoloji avadanlıqları quraşdırılıb ki, bu da istehsal olunan yüksəkkeyfiyyətli məhsulların analoji idxal məhsulları ilə müqayisədə daha ucuz qiymətə təklif olunmasına imkan verir. Hazırda fabrikdə “Belissa” əmtəə nişanı ilə divan-kreslo və yumşaq oturacaqlı stullar, həmçinin ofis, mətbəx, yataq, qonaq və uşaq otağı mebelləri, müxtəlif qapı-pəncərə modelləri hazırlanır. Müəssisədə istehsal olunan mebellər daxili tələbatı ödəməklə yanaşı, ölkəmizin digər regionlarına, eləcə də xarici ölkələrə ixrac olunur. Həmçinin gələcəkdə müəssisənin ixrac bazarlarının genişləndirilməsi istiqamətində də işlərin aparıldığı diqqətə çatdırılıb.
Sonda tələbələrin istehsal prosesi və mərhələləri ilə bağlı sualları cavablandırılıb.