Muxtar respublikamız ötən 25 il ərzində sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoyub. Bu illər ərzində iqtisadiyyatın əsasını təşkil edən sahibkarlığın inkişafının diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, indi təkcə Naxçıvan şəhərində yox, qədim diyarın bütün rayonlarında emal və sənayə sahələri fəaliyyət göstərir.
Təşkil edildiyi gündən bugünə qədər Basbək rayonu böyük inkişaf yolu keçib. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri fonunda sosial infrastruktur obyektlərinin, inzibati binaların və yol infrastrukturunun, rabitə qovşaqlarının tikilərək istifadəyə verilməsi, güclü potensiala malik olan Babək rayonunun və onun bütün yaşayış məntəqələrinin simasını tamamilə dəyişərək rayon mərkəzi və kəndlərini abad yaşayış məntəqələrinə döndərib.
Son illərdə sahibkarlığın inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi nəticəsində rayonda təkcə 2020-ci ilin doqquz ayında dövlət maliyyə dəstəyi hesabına 24, özəl investisiya qoyuluşu hesabına 4 olmaqla ümumilikdə 28 istehsal və xidmət sahəsi yaradılıb. Həmçinin müxtəlif təyinatlı 11 sahənin yaradılması istiqamətində işlər davam etdirilib.
Özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafı yeni istehsal və xidmət sahələrinin yaradılmasına, ixracyönümlü məhsul istehsalının artırılmasına təkan verməklə yanaşı, əhalinin məşğulluğunun yüksəldilməsinə da öz tövhəsini verir. Belə ki, 2020-ci ilin yavar-sentyabr aylarında yeni yaradılan müəssisələr hesabına ümumilikdə 64 yeni iş yeri açılıb.
Bu gün əlverişli sahibkarlıq mühiti formalaşan Babək rayonunda istehsal olunan məhsullar istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Hazırda rayonda yüngül, yeyinti, kağız, karton və poliqrafiya, kimya, energetika sənayesi və tikinti sahələri olmaqla, 70-dən artıq müəssisə fəaliyyət göstərir ki, bu müəssisələrdə 150-dən çox çeşiddə məhsul istehsal olunur.
Sirab kəndində yerləşən “Sirab” Mineral Sular Zavodunda qablaşdırılaraq satışa çıxarılan və süfrələrimizin bəzəyinə çevrilən “Sirab” mineral süfrə suyu muxtar respublika iqtisadiyyatına mühüm töhfə verən istehsal sahələrindəndir. Bu gün 100-dən artıq insanın çalışdığı zavodda istehsal olunan qazlı və qazsız “Sirab” əmtəə nişanlı təbii mineral müalicəvi süfrə suyu təkcə ölkəmizin digər regionlarında deyil, dünyanın bir sıra ölkələrinin mineral su bazarlarında özünəməxsus yer tutub. Muxtar respublikanın ən böyük ixracatçılarından olan müəssisə bu illər ərzində saysız-hesabsız uğurlara imza atıb. Habelə, 2020-ci ilin ötən dövründə öz məhsullarını Moskvada təşkil edilən “Prodexpo 2020” və Dubay şəhərində keçirilən “Gulfood 2020” kimi nüfuzlu beynəlxalq sərgilərində də nümayiş etdirib.
“Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayonun Araz kəndində yerləşən istehsal müəssisəsi, “Gəmiqaya Kərpic Kompleksi” və “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətləri, “Xalaoğlu” kəndli-fermer təsərrüfatı, gəc və digər istehsal sahələri muxtar respublikanın ixrac potensialına və iqtisadi inkişafına “İxrac ili” ndə də öz töhfələrini verirlər.
Kənd təsərrüfatı sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər də bu sahədə iqtisadi aktivliyi artırıb, rayonda aqrar sahənin inkişafına dövlət dəstəyi genişlənib. Belə ki, İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci ilin yanvar-sentyabr ayları ərzində rayonda kənd təsərrüfatı yönümlü 27 layihənin maliyyələşdirilməsinə 423 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Ümumiyyətlə son illər ərzində Babək rayonunda dövlət maliyyə dəstəyi ilə 94 heyvandarlıq, 13 quşçuluq, 33 arıçılıq, 24 bağçılıq, 1 balıqçılıq təsərrüfatı və 6 istixana kompleksi yaradılıb.
Muxtar respublikada ailə təsərrüfatlarının inkişafına göstərilən diqqət və qayğı da rayonda öz nəticələrini verib, bir sıra kəndlərdə süd məhsullarının istehsalını həyata keçirən, dərman bitkilərini qurudub satışa çıxaran, heyvandarlıq və quşçuluqla məşğul olan çox sayda ailə təsərrüfatları yaradılıb. Ərzaq təhlükəsizliyinin təmin olunmasında ailə təsərrüfatlarının rolunu nəzərə alaraq cari ilin ötən doqquz ailə təsərrüfatlarına 101 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib.
Sahibkarların beynəlxalq təcrübəni öyrənməsi, iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, xarici ölkələrdə tanıdılması məqsədilə Babək rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5 nümayəndəsinin xarici ölkələrdə keçirilmiş 2 müxtəlif tədbirdə dövlət dəstəyi ilə iştirakı təmin edilib.
Bu gün Babək rayonunda fəaliyyət göstərən müəssisələrdə istehsal olunan rəqabətqabiliyyətli və yüksəkkeyfiyyətli məhsullar muxtar respublika əhalisinin istehlak tələbatını ödəməklə yanaşı 5 ölkəyə ixrac edilir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti