“MUSIAD Expo 2020”də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi və investisiya potensialı nümayiş olunacaq
Noyabrın 18-21-də İstanbulda Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə keçiriləcək “MUSIAD Expo 2020” sərgisində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi və investisiya potensialı nümayiş olunacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ölkəmiz beynəlxalq sərgidə “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendi ilə təmsil olunacaq. Stend Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa Məscidinin formasında dizayn edilib. Sərgidə iştirakda məqsəd Azərbaycanın işğaldan azad olunmuş rayonlarının zəngin yeraltı və yerüstü sərvətləri, faydalı qazıntıları, turizm potensialı və mədəni irsi barədə Türkiyə və xarici investorları məlumatlandırmaq, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərinə, biznesin qurulmasına xarici investorları cəlb etməkdir.
“Karabakh is Azerbaijan” stendində işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materiallar sərgilənəcək, eləcə də ölkəmizin sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar veriləcək.
Qeyd edək ki, “MUSIAD Expo 2020” sərgisində 80-dən çox ölkədən olan şirkətlərin məhsulları nümayiş olunacaq, sərgi çərçivəsində bir sıra tədbirlər, o cümlədən beynəlxalq biznes forum, iş adamları arasında ikitərəfli görüşlər və s. keçiriləcək.