Naxçıvanda benzin, dizel və mavi yanacaq ehtiyatı yetərincədir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində 2018-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib. Müəssisənin direktoru Behruz Əzimov bildirib ki, 2018-ci ilin birinci yarısı ərzində Naxçıvan Muxtar Respublikasının neft və maye qaz məhsullarına olan təlabatını təmin etmək məqsədilə müəssisə Bakı Neft Bazası ilə müqavilə bağlayaraq müxtəlif neft məhsullarını muxtar respublikaya gətirib.
2018-ci ilin birinci yarısında ümumi dövriyyəsi 61 milyon 286 min manat olan 96 min 925,5 ton müxtəlif növ neft məhsulları satılıb. Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan təhsil, səhiyyə, mədəniyyət və turizm müəssisələrində 2017-2018-ci illərin payız-qış mövsümü üçün tələb olunan 226 min 992 litr dizel yanacağı yerlərdə təhvil verilib.
Bildirilib ki, hazırda müəssisənin anbarlarında 1538 ton A-92 benzini, 2706 tondan çox dizel yanacağı, 851,2 ton mazut və 8,3 ton maye qaz ehtiyatı var.
Müəssisənin direktoru Behruz Əzimov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələrin icrası istiqamətində görüləcək işlərdən ətraflı bəhs edib.
Sonra məruzələrlə bağlı çıxışlar olub.
Əbülfəz Dünyamalıyev