Azad olunmuş ərazilərin qazlaşdırılmasına başlanılıb - VİDEO
“Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş əraziləri qazlaşdırmağa başlayır.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə “Azəriqaz” İstehsalat Birliyindən bildiriblər. Qeyd olunub ki, Vətən müharibəsi zamanı əldə edilən Qələbədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və müvafiq infrastrukturun yaradılması işləri çərçivəsində, yaşayış ərazilərinin təbii qaz təchizatı üçün SOCAR-ın rəhbərliyinin tapşırığı ilə ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb:
"Əvvəlcə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutlarının araşdırılması işləri aparılıb. Bu istiqamətlərə Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azadqaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər aid edilib. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə vaxtı ilə çəkilmiş qaz xətlərinin bərpasının mümkünlüyü də araşdırılmaqdadır. Qeyd olunmuş istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin və sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaq. Hal-hazırda planlaşdırılan magistral qaz şəbəkəsinin marşrutlarının münasib konfiqurasiyası, ilkin texniki-iqtisadi göstəriciləri müəyyən edilir. Ərazilərin baş planları hazır olduqdan və istiqamətlər təsdiq olunduqdan sonra qazlaşmanın işçi layihələrinin hazırlanması mərhələsinə başlanılacaq. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş ərazilərin qazlaşdırılmasının başlanılması gününü “Azəriqaz” İstehsalat Birliyinin kollektivi səbirsizliklə gözləyir və bunu ən müqəddəs vəzifə borcu sayır".