Naxçıvan dəhlizinin açılmasının mənası və əhəmiyyəti - Məqalə

A- A A+

Qarabağ zəfərinin ardınca imzlanan bəyannaməyə əsasən, Naxçıvanla Azərbaycan arasında dəhliz açılacaq. Razılaşmaya görə, dəhlizdəki təhlükəsizliyə Ermənistan tərəfindən təminat veriləcək. Dəhlizin idarəsi isə Rusiya sülhməramlılarına həvalə ediləcək.

Bu dəhlizin açılmasının çox böyük strateji əhəmiyyəti var. Çünki bu yol vasitəsilə Türkiyə ilə Azəraycanın quru sərhədi bərpa olunacaq, Orta Asiya ilə quru yolla əlaqələr təmin ediləcək. Azərbaycan isə bu yolla Avropaya üz tutacaq, nəticədə Qars-İğdır-Naxçıvan dəmiryolu ön plana çıxacaq.

Bu dəhliz açıldığı təqdirdə Türkiyə-Azərbaycan arasında həm turizm, həm də ticari əlaqələr 2-3 dəfə artacaq. Rəsmi Yerevan bu məsələ haqqında “Türkiyə sərhədlərini açsa, biz də yolun inşasına icazə verərik” deyir. Yəni Ermənistan bu dəhliz qarşılığında böyük ehtimalla Türkiyənin sərhədləri açması üçün addımlar atmağa başlayacaq. Ancaq sözügedən məsələdə Türkiyənin Qarabağ müharibəsindən əvvəlki və sonrakı mövqeyinin dəyişməyəcəyi qeyd edilməlidir. Türkiyənin sərhədlərin açılması üçün yeganə şərti ermənilərin Türkiyə və Azərbaycana qarşı əsassız iddialarından (qondarma soyqırımı, ərazi və təzminat tələbi) vaz keçməsi, eləcə də işgal etdiyi Dağlıq Qarabağ və ətraf rayonları tərk etməsiydi. Hazırda Azərbaycan ərazilərini müharibə yolu ilə geri alıb. Ancaq göründüyü qədər Ermənistan əsassız iddialarından geri çəkilmək fikrində deyil. Onsuz da Ermənistanın rahat yaşamasının yeganə yolu Türkiyə və Azərbaycan ilə normal münasibət qurulmasından keçir.

Qarabağda qazanılan zəfər nəticəsində yaradılacaq dəhliz Naxçıvan Muxtar Respublikasının da rolunun artacağı anlamına gəlir. Çünki Naxçıvan Türk dünyasının Türkiyə ilə quru əlaqəsini təmin edən yeganə “qapı” və çəkiləcək dəmiryolu şəbəkəsinin də mərkəzində yerləşir.

Hazırda Macarıstan istisna olmaqla Türk dünyası daxilindəki ticarətin həcmi təxminən 16 milyard dollardır. Macarıstan da daxil edildikdə bu rəqəm 19 milyard dollara çatacaq. Bu və gələcəkdə daha da artacaq potensialın keçid nöqtəsi Naxçıvan olacaq. Bu səbəbdən dolayı Naxçıvan dəhlizinin ardıcıl işləkliyini təmin edən strategiyanın qurulması və layihələrə indidən start verilməsi vacibdir.

Sözügedən dəhlizin inşası Qarabağın yenidən dirçəlməsi və inkişafına önəmli töhfələr verəcək.

Məlum olduğu kimi, ermənilər həmişə olduğu kimi, işğal etdikləri torpaqları tərk edərkən bütün infrastrukturu, yaşayış məntəqələrini dağıdır, yandırırlar. Ona görə də Naxçıvan dəhlizi ilə Türkiyə-Qarabağ əlaqəsi reallaşdırılacağı üçün bütün sahələrdə Qarabağın inkişafı dəstəklənmiş olacaq.

XX əsrdə Qarabağın məşhur pambıqçılıq və xalçaçılıq sahələrinin bu dəhliz vasitəsilə Türkiyədən keçməklə Avropaya inteqrasiya imkanı yaranacaq. Tələbdən asılı olaraq yenidən xalça, kilim kimi məhsulların önəmli mərkəzlərindən birinə çevriləcək. Qarabağ xalçaları Türkiyənin Antalya, İstanbul, İzmir kimi turizm mərkəzləri vasitəsilə Qərbdən gələn müştərilərə təqdim ediləcək.

Naxçıvan vasitəsilə Türk dünyasının məhsullarından başqa, Çin istehsalı olan məhsullar da Avropaya daşınacaq. Beləcə, bu iqtisadi bağlantıyla paralel olaraq Türk dünyasının mədəni və elmi əlaqələri də güclənəcək.

Sözügedən dəhliz Türkiyə ilə Türk dünyası arasında turizm və inşaat sektorlarının inkişafına da önəmli töhfə verəcək. Çünki nəqliyyat və logistika xərcləri bütün sahələrdə olduğu kimi burada da ciddi fərq yaradır. Açılacaq dəhliz bu xərcləri ciddi şəkildə azaldacaq. Məsələn, Naxçıvandan təyyarə ilə Azərbaycana gediş-dönüş təxminən 600 lirə olduğu halda, dəmiryolu ilə bu rəqəm təxminən 60-100 lirə arası olacaq. Bu fərq turizm sahəsində ciddi canlanma yarada bilər.

Naxçıvan dəhlizinin Türkiyəyə qazandırdığı daha bir müsbət cəhət tibbi turizm sahəsində ola bilər. Naxçıvanın şərqi Anadolu bölgəsindən önəmli tibbi xidmət tələbi olacaq. Dəhliz açıldıqdan sonra Azərbaycandan tibbi xidmət tələbi artacaq. Gələcəkdə bu tələb digər türk dövlətləri və İrandan da gələ bilər. Bunun üçün müəyyən addımlar atmaq lazım gəlir: İğdırda yaradılacaq “sərbəst səhiyyə bölgəsi” ilə Türk dünyası və İrandan gələcək xəstələrə daha məqbul qiymətlə tibbi xidmət göstərilə bilər. İnfrastruktur qurulana qədər səhiyyə sistemi kifayət qədər inkişaf etmiş olan Ərzurumda sözügedən xidmətin göstərilməsi mümkündür.

Qars-İğdır-Naxçıvan-Azərbaycan dəmiryolu xətti gələcəkdə Culfa-İran-Van dəmiryolu ilə də birləşdikdən sonra önəmli sosial-iqtisadi potensial qazanmış olacaq. Beləcə, İranla mümkün ticarət potensialı da artacaq.

Bölgədəki iqtisadi və siyasi fəallığı artırmaq üçün bundan sonrakı strategiyalardan biri də Türk dünyasında ortaq dil yaradılmasıdır. Beləcə, uzaq gələcəkdə həm birgə hərəkət edilmiş olar, həm də sosial-iqtisadi münasibətlər daha da genişlənər.

Nəticə etibarilə Qarabağ müharibəsi bir daha göstərdi ki, elm vasitəsilə atılan addımlarla qalib gəlmək mümkündür (PUA istehsalı kimi). Sonrakı prosesdə Türkiyə və Azərbaycan Hz. Əlinin “Elm sərvətdən üstündür, çünki sən sərvəti qorusan, elm də səni qoruyar” sözlərinin işğında elmi rəhbər tutaraq iqtisadi, siyasi, sosial inkişaf və dəyişikliklər planlaşdırmalıdır.

Türkiyə və Azərbaycan gələcəkdə bölgədə və dünyada fəaliyyətini genişləndirmək, söz sahibi olmaq üçün mütləq ortaq bir texnoloji üniversitet qurmalı, burada hər iki ölkənin savadlı, istedadlı gəncləri vasitəsilə dünyanın ən müasir elmi və texnoloji ixtiralarını həyata keçirməlidirlər. Bu,  bölgədə davamlı sülhün təminatını da qarantiya altına almış olar.

Kərəm QARABULUD
Professor, Atatürk Üniversiteti, İqtisadiyyat və biznesin idarə edilməsi fakültəsi
Türkiyə, Ərzurum

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: