“Naxçıvan Avtomobil Zavodu” MMC-nin nümayəndəsi beynəlxalq onlayn avtomobil sərgisində iştirak edib - FOTOLAR
Uludağ Avtomobil İxracatçıları Birliyi tərəfindən təşkil olunan “Autoexpo Türkiye 2020” adlı ilk beynəlxalq onlayn avtomobil sərgisi olub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, onlayn sərgidə “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Səxavət Hümbətov da iştirak edib. 3 gün davam edən onlayn sərgi zamanı zavodun direktoru bir sıra şirkətlərin nümayəndələri ilə perspektiv əməkdaşlıq imkanları haqqında qarşılıqlı müzakirələr aparıb.
55 nüfuzlu avtomobil və ehtiyat hissə istehsalçı şirkətlərinin məhsul nümayişini həyata keçirdiyi və dünyanın 63 ölkəsindən 300-dən çox ziyarətçinin iştirak etdiyi sərginin əsas məqsədi bu sahədə qabaqcıl şirkətlər ilə təcrübə mübadiləsi, avtomobil sənayesində yeniliklərin nümayişi, beynəlxalq tərəfdaşlıq imkanlarının artırılması, onlayn ikitərəfli (B2B) görüşlərin keçirilməsi olub.
Qeyd edək ki, 2020-ci ilin muxtar respublikada “İxrac ili" elan olunması ticarət əlaqələrinin genişlənməsinə, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına, ixrac potensialının genişlənməsinə böyük stimul verib.