Türkiyədən Naxçıvan Muxtar Respublikasına təbii qaz tədarükünə dair anlaşma memorandumu imzalanıb - FOTOLAR
Dekabrın 15-də Ankarada “Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair anlaşma memorandumu” imzalanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əvvəlcə Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan-Türkiyə qardaşlığını, iki ölkənin inkişaf dinamikasını tərənnüm edən filmin nümayişindən sonra çıxışlar olub.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin dinamikasından, həmçinin energetika sahəsində əməkdaşlığın böyük nəticələrindən, imzalanan sənədin tarixi əhəmiyyətindən danışıblar.
Memorandum nazirlər - Pərviz Şahbazov və Fatih Dönməz tərəfindən imzalanıb.
Qeyd edək ki, təbii qazın Türkiyənin İğdır vilayətindən Naxçıvan Muxtar Respublikasına nəqli üçün yeni boru kəməri inşa ediləcək. Layihəni SOCAR və Türkiyənin “Botaş” şirkəti həyata keçirəcək.