Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə “InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransı bu gün davam edəcək. (https://fb.me/e/3cp0RTK55)
Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bugünkü tədbirdə “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar yüksək texnologiyalar və innovasiyalar haqqında çıxış edəcək.
O, çıxışında startap ekosisteminin, o cümlədən hərbi milli sənaye hərəkatının inkişafında dronların əhəmiyyətli rolundan danışacaq.
Xatırladaq ki, ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 2018-ci ildən keçirilən beynəlxalq “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunur. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə innovasiya ekosistemi sürətlə inkişaf edir.