Şuşada ilk istehsal müəssisəsi fəaliyyətə başlayıb - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun sücaəti nəticəsində topraqlarımız işğaldan azad olundu. Bu böyük zəfər iqtisadi imkanların genişlənməsi və yeni layihələrin icrası, eyni zamanda, sahibkarlıq üçün də geniş imkanlar açır.
İqtisadiyyat Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu imkanlardan yararlanan “Sumqayıt-Çörək” ASC nazirliyin dəstəyi ilə mədəniyyət beşiyi hesab olunan Şuşada ilk istehsal müəssisəsi - çörək istehsalı sahəsi açıb. 20 gün ərzində təşkil edilmiş müəssisə gündəlik olaraq 2 çeşiddə 5000 ədəd çörək istehsal edir. İstehsal sahəsində 10 nəfər işlə təmin olunub. Müəssisə bölgədə xidmət aparan əsgər və zabitlərimizi çörəklə təmin edir.
Fasiləsiz işin təşkili məqsədilə müəssisə fərdi generatorla, su sistemi ilə təmin olunub. Tələbatın artacağı təqdirdə istehsalın həcminin və məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılması nəzərdə tutulur.