Nazir: Gələn ilin büdcəsinin əsas xüsusiyyətlərindən biri işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatının yaradılmasıdır
2021-ci il dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri işğaldan azad olunan ərazilərdə bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatının yaradılmasıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, 2020-ci il Azərbaycanın tarixində müstəsna il kimi qalacaq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. İşğaldan azad edilmiş torpaqların bərpa olunması və həmin yerlərə insanların qayıtması mühüm vəzifə kimi qarşıda durur. 2021-ci il dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri cari ildə erməni işğalçılarına qarşı zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır. Bunun həyata keçirilməsi üçün məqsədli vəsaitlər nəzərdə tutulub, xüsusi təyinatlı investisiyalar planlaşdırılır. Müdafiə və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsindən 4,6 milyard manat nəzərdə tutulur.
S.Şərifov deyib ki, 2020-ci il iqtisadi cəhətdən digər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ağır il olub. Hökumətin gördüyü məqsədyönlü tədbirlər nəticəsində bunun müəyyən mənada qarşısı alınıb. COVID-19-un yaratdığı fəsadlar və bunun üçün çəkilən xərclər istər-istəməz öz mənfi təsirini göstərib.
Nazir vurğulayıb ki, xalqın rifahının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, müdafiə sahəsi və sərhəd xidmətinin gücləndirilməsi, ordumuzun qüvvətləndirilməsi çox mühümdür.