Gələn ilin dövlət büdcəsinin istiqaməti maliyyə təminatının yaradılmasıdır. Büdcədə mənfəət vergisi üzrə daxilolmaların artması gözlənilir. Digər daxilolmalar isə 700 milyon manat nəzərdə tutulur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
“2021-ci il dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 milyard 117,1 milyon manat və ya 16,9 faiz çoxdur. 2021-ci ilin dövlət büdcəsində müdafiə və təhsil xərcləri 5,1 faiz artımla nəzərdə tutulur”, - deyə S.Şərifov bildirib.
Nazir qeyd edib ki, Azəbaycan Prezidenti İlham Əliyev vətəndaşların rifahının daha da yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Bu gələn ilin büdcə layihəsində də öz əksini tapıb. Belə ki, sosial xərclərdə 14 faiz artım gözlənilir.