Dekabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclası açan komitənin sədri Tahir Mirkişili iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri daxil edildiyini bildirib. Qeyd edib ki, qanun layihələri birinci oxunuşda müzakirə olunacaq.
Komitə sədri deyib ki, pandemiyanın ən çox təsir etdiyi qurumlardan biri də Milli Məclisdir. Pandemiya dövründə Milli Məclisin bir çox tədbirləri onlayn formatda keçirilib. Hazırda burada gedən canlı müzakirələr isə ilk dəfədir ki, onlayn formatda bütün deputatlara translyasiya olunur. Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən həyata keçirilən bu yenilikdən məqsəd parlamentin bütün üzvlərini büdcənin ümumi parametrlərinin müzakirəsi ilə tanış etmək, yarana biləcək suallara cavab vermək və büdcə müzakirəsinin daha ictimai, daha geniş keçirilməsini təmin etməkdir.
Komitə sədri diqqətə çatdırıb ki, başa çatmaqda olan 2020-ci il bir sıra problemlərlə yadda qaldı. Lakin Azərbaycan xalqı və dövləti dünyada yeganə xalq və dövlət olacaq ki, bu ili Qələbə ili kimi qeyd edəcək. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdi. Xalq-iqtidar, xalq-Prezident birliyi və sevgisi bu Qələbənin qazanılmasına imkan yaradıb. Bu Qələbənin əldə olunmasında, təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurların, güclü iqtisadiyyatın rolu böyükdür.
Komitə sədri diqqətə çatdırıb ki, 2020-ci ilin sonunadək ölkə iqtisadiyyatının 4,9 faiz azalacağı əvvəlcədən proqnozlaşdırılmışdı. Ötən ilin büdcəsinin dürüstləşdirilməsi zamanı neftin qiyməti 35 dollar götürülmüşdü, hazırda isə 41 dollar təşkil edir. 2021-ci ildə isə neftin qiymətinin 15 faiz artacağı proqnozlaşdırılır və bu, dövlət büdcəsində neftin qiymətinin 40 dollar götürülməsini məqbul edir.
2020-ci ildə azalmalarla yanaşı, müsbət irəliləyişlər də var. Bu, kənd təsərrüfatı, rabitə və digər sahələrlə bağlıdır. 2020-ci ilin dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 58 faiz, qeyri-neft sektorunun payı isə 42 faiz olub.
Komitə sədri bildirib ki, 10 il əvvəl büdcədə qeyri-neft sektorunun payı cəmi 26 faiz olub. İndi bu rəqəm 46 faizə qədər artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatında aparılan islahatların nəticəsidir.
“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə (birinci oxunuş) danışan maliyyə naziri Samir Şərifov bildirib ki, sona çatan 2020-ci il Azərbaycan tarixində müstəsna il kimi qalacaq. Çünki 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə son qoyub. Bu şanlı Zəfərin təmin olunması üçün həyatlarını qurban vermiş şəhidləri böyük ehtiramla anırıq. Onların uğrunda şəhid olduqları Vətən torpaqlarının yenidən qurulması bu gün qarşımızda duran ən ümdə məsələdir. Bu məqsədlə gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub.
Nazir bildirib ki, Ordumuza da əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Ümumilikdə, müdafiə xərclərinin cəmi 4,6 milyard manata yaxınlaşır.
Nazir diqqətə çatdırıb ki, 2020-ci ildə pandemiyanın insanlara təsirinin aradan qaldırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. 2021-ci ildə də işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək mühüm işlər var.
2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcə layihələri “Büdcə sistemi haqqında” Qanuna uyğun şəkildə hazırlanıb. Prezidentin müəyyən etdiyi kimi, qeyri-neft sektorunun inkişafı əsas götürülüb. Növbəti ildə baş verəcək dəyişikliklər və bunun Azərbaycan iqtisadiyyatına təsirləri, ölkə iqtisadiyyatının makroiqtisadi reallıqları və iqtisadi inkişafın növbəti mərhələsinə keçidlə bağlı gözləntilər nəzərə alınıb. İlin sonuna iqtisadiyyatımızın 4 faizədək kiçilməsi gözlənilir.
Hökumət tərəfindən iqtisadiyyatın canlandırılması üçün vacib tədbirlərin görülməsi nəzərdə tutulur. İqtisadi və sosial dəstək paketinin bir qismi reallaşıb, bir qisminin isə növbəti ildə də reallaşması planlaşdırılır. Hökumətin əsas amalı odur ki, iqtisadi fəallıq bərpa olunsun.
Nazir bildirib ki, gələn ilin büdcəsində mənfəət vergisi üzrə daxilolmaların artması gözlənilir. Digər daxilolmalar isə 700 milyon manat nəzərdə tutulur.
Nazir məlumat verib ki, 2021-ci il dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 milyard 117,1 milyon manat və ya 16,9 faiz çoxdur. 2021-ci ilin dövlət büdcəsində müdafiə və təhsil xərcləri 5,1 faiz artımla nəzərdə tutulur.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Bu, gələn ilin büdcə layihəsində də öz əksini tapıb.
Sonra çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 2020-ci ildə bütün mövcud çətinliklərə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik daha da gücləndirilib. İqtisadiyyatın kiçilməsi müşahidə edilsə də, ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib. Bunu qeyri-neft sektoruna xüsusilə aid edə bilərik. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası, orada yaşayan insanların geri qayıtması, onların məşğulluğunun təmin edilməsi əsas vəzifələrdəndir.
Nazir qeyd edib ki, cari ildə sərt karantin tədbirlərinin tətbiqi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Belə ki, əsas kapitala investisiya qoyuluşları azalıb. Özəl sektor üzrə investisiyalar 8 faiz artıb, dövlət təşkilatları üzrə investisiyalar isə azalıb. Bir sıra xərc istiqamətlərində də artımlar baş verib. Yanvar-noyabr aylarında inflyasiya nəzərə alınmaqla, əhalinin gəlirləri düşüb. Bu ilin sonuna kimi qeyri-neft sektorunda ixracın təxminən 5,6% həcmində azalacağı proqnozlaşdırılır. Bunun əsas səbəbi bizim əsas ticarət tərəfdaşımız olan ölkələrdə yerli valyutanın dəyərdən düşməsidir.
Nazir diqqətə çatdırıb ki, hökumət tərəfindən pandemiyanın iqtisadiyyata təsirlərinin yumşaldılması istiqamətində mühüm işlər görülüb. Görülən tədbirlər nəticəsində Azərbaycan hökuməti iqtisadi tənəzzülü nisbətən yumşaltmağa nail ola bilib. Cari ilin yanvar-noyabr aylarında vergilər üzrə 6,8 milyard manat vəsaitin dövlət büdcəsinə daxil olunması təmin edilib.
Qeyri-neft sektoru üzrə daxilolmalarının artmasının səbəblərindən biri də qeyri-neft sektorunda çalışan işçilərin əməkhaqqının da vergi sisteminə daxil olmasıdır.
Bu da ölkədə kölgə iqtisadiyyatının həcminin azalmasına səbəb olub. 2020-ci ildə ilin əvvəlindən qeyri-neft sektoru, özəl sektorda yeni müqavilə ilə işəgötürmələrin sayı 84 mindən çoxdur.
İclasda çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə pul-kredit siyasəti barədə məlumat verib. Bildirib ki, növbəti ildə maliyyə sabitliyinin qorunması, maliyyə sektoruna dəstək, sığorta, qiymətli kağızlar bazarının dərinləşməsi, burada olan problemlərin həlli istiqamətində geniş strategiya hazırlanıb. Əmanətlərin sığortalanmasına yeni keçid də bu sabitliyin qorunmasına dəstək verəcək. 2021-ci ilin dövlət büdcəsi dünyada iqtisadi aktivliyin qeyri-müəyyən olduğu şəraitdə proqnozlaşdırılır. Pandemiya ayrı-ayrı ölkələrin iqtisadiyyatını mühüm sınaqlara çəkəcək. Bütün resurslardan səmərəli istifadə edilməsi iqtisadi artımın, rifahın yüksəldilməsi istiqamətində olduqca böyük nəticələr əldə etməyə imkan yaradacaq.
Qeyd olunub ki, iqtisadiyyatın artımı və inkişafı üçün ölkədə kifayət qədər manevr imkanları var. Görülən tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunub.
Elman Rüstəmov bildirib ki, iqtisadi subyektlərin gəlirlərindəki itkilər Prezident İlham Əliyevin qəbul etdiyi konsepsiya əsasında qismən aradan qaldırılıb. Ölkənin strateji valyuta ehtiyatları il ərzində sabit qalıb. Mərkəzi Bankın valyuta ehtiyatları 3 faizdən çox artıb. Mərkəzi Bankın valyuta ehtiyatlarının artması göstərir ki, bazarda valyuta çatışmazlığı yoxdur. Bütün bunlar deməyə əsas verir ki, bu ili 2,8-3,3 faiz aşağı inflyasiya ilə başa vura biləcəyik. 2018-2020-ci illərdə iqtisadiyyatda pul təklifi 54 faizədək artıb. Bütövlükdə isə manatla kreditlər 5,5 faiz azalıb. Pulun çoxalması kreditlərin də artmasına səbəb olub. Cari ildən artıq biznes kreditlərində artım var. İqtisadi fəallığın aşağı düşməsinə baxmayaraq, maliyyə sahəsində fəallıq davam edir.
Sonra çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2021-ci ildə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsaitin artması nəzərdə tutulur. Növbəti ildə yaşa görə pensiyanın ümumi məbləği 370 manat, əlilliyə görə isə 337 manat olaraq planlaşdırılır. Ölkəmiz həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur. Ümumilikdə 27 növ xidmət elektron qaydada təyin edilir. Elektronlaşma ümumi pensiya təyinatlarının 85 faizini əhatə edir. Hazırda 16 növ elektron arayış vətəndaşların istifadəsinə verilib. İlin sonuna qədər elektron arayışların sayının 30-a çatdırılması planlaşdırılır.
Nazir bildirib ki, 2020-ci ildə özəl sektorda işçilərin ixtisarına yol verilməməsi üçün mütəmadi monitorinqlər həyata keçirilib.
Pandemiya dövründə dövlət orqanlarında çalışanların 80%-i işə çıxmasa da, onlara əməkhaqqları ödənilib.
Nazir qeyd edib ki, növbəti ildə işğaldan azad olunmuş ərazilərə qayıdacaq insanların məşğulluğunun təmin olunmasına da xüsusi diqqət yetiriləcək, 16 min ailənin özünüməşğulluğu təmin ediləcək.
Qeyd olunub ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əleyhinə yekunlaşan məhkəmə qərarlarının sayı 89% azalıb. Bu da bir daha fondun fəaliyyətində sağlamlaşmanın göstəricisidir.
Nazir bildirib ki, fondun fəaliyyətinin şəffaflaşdırılması işləri davam etdirilir. Məmur-vətəndaş təması olmadan elektron qaydada müavinət və pensiya təyinatları həyata keçirilir. DSMF əhaliyə xidmət modelini ən yüksək səviyyədə həyata keçirməyə davam edəcək.
Nazir diqqətə çatdırıb ki, 2021-ci ildə DSMF-nin gəlirləri və xərcləri 5 mlyrd.146 milyon manat nəzərdə tutulub.
İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2021-ci ilin dövlət büdcəsi azad olunmuş torpaqlara da tətbiq olunan ilk büdcədir. 2021-ci ilin dövlət büdcəsi layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğundur və büdcə zərfinin şəffaflığının təmin edilməsinə şərait yaradır.
Müzakirələr zamanı iclasda çıxış edən Milli Məclisin deputatları Əli Məsimli, Ziyad Səmədzadə, Mahir Məmmədli, Aydın Hüseynov və Vüqar Bayramov 2021-ci ilin Dövlət büdcəsi layihəsi barədə fikirlərini bildirdilər, təkliflərini veriblər.
İclasın sonunda maliyyə naziri Samir Şərifov və Mərkəzi bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deputatların səsləndirdikləri fikirlərə münasibət bildirdilər.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2021-ci ildə İşsizlikdən sığorta Fondunun büdcəsi 157 milyon manat, ölkə üzrə 2021-ci il üçün yaşayış minimumu 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi isə 170 manat məbləğində nəzərdə tutulur.
İclasın sonunda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri və “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub.