Samir Şərifov: İşğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinə 2021-ci ilin dövlət büdcəsində xüsusi önəm verilib
İşğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasına 2021-ci ilin dövlət büdcəsində xüsusi önəm verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, başa çatmaqda olan 2020-ci il Azərbaycanın dövlət müstəqilliyi tarixinə Qələbə ili kimi yazıldı. Bu Qələbə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin, ölkəmizin möhkəm ordu quruculuğunun göstəricisidir. Şəhidlərimizin qanı və canı bahasına torpaqlarımızın azad edilməsi, məcburi köçkünlərin geri qayıtması və bu ərazilərin yenidən çiçəklənməsi qarşımıza vəzifə kimi qoyulub.
“Böyük Qayıdışın təmin olunması, bərpa və quruculuq işləri, yəni işğaldan azad olunan ərazilərdə kommunal, iqtisadi və sosial infrastrukturun qurulması, işğaldan azad edilən inzibati rayon mərkəzlərində və kəndlərdə yaşayış binalarının və evlərin tikintisi və əhalinin məskunlaşmasının təmin edilməsi, həmin ərazilərdə istehsal, xidmət və ticarət sahələrinin yaradılması, əhalinin məşğulluğunun təmini və sair işlərin aparılmasına 2021-ci ilin dövlət büdcəsində xüsusi önəm verilib. İşğaldan azad edilən ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub”, - deyə S.Şərifov bildirib.