Ölkədə iqtisadiyyata dəstək üçün kompleks tədbirlər həyata keçirilib, kəskin enişin qarşısı alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Şərifov bildirib ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25,4 milyard manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1,3 milyard manat və yaxud 5,4 faiz çoxdur. 2021-ci il dövlət büdcəsinin xərcləri isə 28,5 milyard manat proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard manat və ya 3,8 faiz çoxdur: “Cari il qlobal pandemiya səbəbindən kifayət qədər ağır il olub. İstehlak tələbinin kəskin dağılması, neftin qiymətinin aşağı düşməsi istər-istəməz iqtisadiyyata öz təsirini göstərib. Ölkədə iqtisadiyyata dəstək üçün kompleks tədbirlər həyata keçirilib. İqtisadiyyatın kəskin enişinin qarşısı alınıb”.
Maliyyə naziri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın koordinasiyası əsasında xəstəliklə əlaqədar olaraq səhiyyə sahəsində əsaslı işlər görülüb, infrastrukturun qurulması, peşəkar xarici həkimlərin cəlb edilməsi həyata keçirilib. Səhiyyənin kritik şəraitdə idarə olunması təmin edilib.
“2021-ci il dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 4 milyard 586 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilə nisbətən 781,5 milyon manat çoxdur. 2021-ci il dövlət büdcəsinin sosialyönümlü xərcləri 11,1 milyard manat məbləğində proqnozlaşdırılır. Bu, 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur. Elm xərclərinə 183,3 milyon manat, təhsil xərclərinə 3 milyard 278 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Təhsilə ayrılan xərclər 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8 faiz çoxdur. Səhiyyə xərcləri üçün isə 1 milyard 409 milyon manat vəsait ayrılacaq”, - deyə o qeyd edib.