Gələn il qarşıda duran əsas məsələ Qarabağın bərpası və Azərbaycan iqtisadiyatına reinteqrasiyasıdır - Samir Şərifov
2020-ci il ölkəmiz üçün sadə il olmayıb. Koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına mənfi təsir edib. Bildiyiniz kimi pandemiya Azərbaycana da öz təsirini göstərib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında deputatların təklif və rəylərinə münasibət bildirərkən deyib.
Nazir bildirib ki, həmin təsirlərin nəticəsidir ki, cari ildə dövlət büdcəsinin gəlirləri azalıb: “Mən vergi daxilolmalarını və gömrük daxilolmalarını nəzərdə tuturam. Bununla bağlı dövlət büdcəsinə düzəlişlər edilib. Cari ildə pandemiya səbəbindən Azərbaycan kifayət qədər ağır sosial-iqtisadi problemlərlə üzləşib, lakin vaxtında görülən sistemli tədbirlər nəticəsində bu problemlərin həll edilməsinə nail olub”.
S.Şərifov bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu torpaqlarımızın işğalına son qoydu: “Bütün bu prosesləri nəzərə almalıyıq. 2021-ci ilin dövlət büdcəsinin qarşısında duran əsas məsələ Qarabağın bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiya etməkdir. Bunları nəzərə alaraq Azərbaycan lazımi tədbirləri görür, əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi istiqamətində müvafiq iş aparır”.