Maliyyə Tədris Mərkəzində tələbələrin layihələrinin təqdimatı keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Maliyyə Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Mühasibat uçotu və audit ixtisasında təhsil alan tələbələrin istehsalat təcrübəsinin yekunlaşması ilə əlaqədar tələbələrin layihələrinin təqdimatı olub.
Tədbirdə Mərkəzin direktoru Mehriban İmanova bildirib ki, bu layihənin həyata keçirilməsində məqsəd hami təşkilat olaraq, gələcək kadrların təkcə maliyyə sahəsində deyil, digər sahələrdə də olan istedadlarını üzə çıxarmaqdan ibarətdir.
İlk təqdimat “Naxçıvan” Universitetinin tələbəsi Həsənov Hüseyn tərəfindən hazırlanmış Maliyyə Tədris Mərkəzinin mobil tətbiqinin yaradılması ilə bağlı olub.
Sonra Naxçıvan Dövlət Universitetinin tələbəsi Mahmud Rzayevin “Kriptovalyutanın maliyyə sisteminə təsiri - müsbət və mənfi tərəfləri” mövzusunda araşdırma işinin slaydlar vasitəsilə təqdimatı baş tutub.
Hər iki ali təhsil ocağının müəllim və tələbə heyətindən ibarət nümayəndələrin iştirak etdiyi təqdimat mərasimində tələbələrin hazırladığı vətənpərvərliklə bağlı videoçarx izlənib və layihənin qaliblərinə diplomlar təqdim olunub.