Yola saldığımız ildə muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunub, mövcud resurslardan səmərəli istifadə nəticəsində makroiqtisadi göstəricilərdə artım müşahidə olunub. Daxili potensialdan düzgün istifadə edilməsi, yeni istehsal müəssisələrinin işə salınması sosial-iqtisadi sahələr üzrə çoxşaxəli inkişafı təmin edib, məşğulluq səviyyəsinin yüksəldilməsinə, sosial layihələrin uğurla həyata keçirilməsinə şərait yaradıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri dekabrın 30-da Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında məruzə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səsləndirib. Ali Məclisin Sədri bildirib ki, görülən işlər əhalinin məşğulluq səviyyəsini artırıb, cari ildə muxtar respublika üzrə 943 yeni iş yeri açılıbdır.