Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Seyit Ahmet Baş yanvarın 5-də keçirilmiş videokonfransda həmkar qiymətləndirilməsinə dair saziş imzalayıblar.
Palatanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, saziş Hesablama Palatası ilə Türkiyə Hesablama Məhkəməsi arasında əməkdaşlıq haqqında imzalanmış 2005-ci il 28 aprel tarixli ikitərəfli sazişə əsaslanır. Türkiyə Hesablama Məhkəməsi saziş çərçivəsində Hesablama Palatasında audit fəaliyyətinin beynəlxalq audit standartlara uyğunluğunun ekspert qiymətləndirilməsini həyata keçirəcək. Qiymətləndirmənin məqsədi Hesablama Palatasının maliyyə, uyğunluq və səmərəlilik auditləri daxil olmaqla ümumilikdə audit fəaliyyətinin cari vəziyyətinin audit metodologiyası çərçivəsində qiymətləndirilməsi və boşluqların müəyyənləşdirilməsi ilə beynəlxalq standartlara tam uyğunluğun təmin edilməsi ilə bağlı tövsiyələrin verilməsidir. Həmkar qiymətləndirmə tədbiri cari ilin yanvar-fevral aylarında həyata keçirilməklə maliyyə, uyğunluq və səmərəlilik auditlərinin qiymətləndirilməsi üzrə yekun hesabatla nəticələnəcək.