Türkiyədən Çinə ixrac yükləri daşıyan ikinci konteyner qatarı artıq Sian şəhərinə çatıb.
“ADY Konteyner” MMC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, blok qatarı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir. Konteynerlər Çin ilə Avropa arasında dəmir yolu üzrə yükdaşımaların mərkəzi rolunu oynayan Siana 16 günə çatdırılıb.
Qeyd edək ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk qatar Qazaxıstanla sərhədə 10 gün ərzində çatmışdı. Bu, daşımanın operatoru olan Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətlərinin yaxşı əlaqələndirilmiş işi sayəsində mümkün olub.
Türkiyədə istehsal edilmiş məhsulları Çinə daşıyan konteyner qatarları ayda 2 dəfə olmaqla müntəzəm hərəkət edəcəklər.