2020-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 908 milyon manata yaxın olub
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Iclasda nazir Tapdıq Əliyev bildirib ki, 2020-ci ildə makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, özəl sektorun stimullaşdırılması, vətəndaşların rifahının yüksəldilməsini təmin edib. Ümumi daxili məhsul istehsalının həcmi 1 il öncəki dövrlə müqayisədə 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olub. Onun hər bir nəfərə düşən həcmi isə 6310 manat təşkil edib. Bu da 2019-cu ilin müvafiq göstəricisinə nisbətən 1,8 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşüb. Ötən il sahibkarlıq subyektləri tərəfindən 153 layihə dövlət maliyyə dəstəyi və 16 layihə özəl investisiya olmaqla,169 istehsal və xidmət sahəsi istifadəyə verilib, 772 yeni iş yeri açılıb. 3 layihə özəl investisiya, 30 layihə dövlət maliyə dəstəyi olmaqla, 33 layihənin icrası davam etdirilib.
Nazir qeyd edib ki, 2020-ci ildə muxtar respublikada müasir sənaye müəssisələrinin, yeni sənaye sahələrinin yaradılması istiqamətində işlər davam etdirilib. Şərab, tibbi pambıq, efir yağı layihələrinin iqtisadi səmərəliliyi araşdırılıb, reallaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə təqdim edilib. Ötən il dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 4 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın genişləndirilməsi, 1 soyuducu anbarda avadanlıqların quraşdırılması başa çatdırılıb, 2 soyuducu anbarın yaradılması davam etdirilib. Bundan əlavə 9 istixana təsərrüfatının, 1 göbələk istehsalı sahəsinin yaradılması, 1 istixana təsərrüfatının genişləndirilməsi, 1 istixana təsərrüfatının fəaliyyətinin bərpası, 1 istixana təsərrüfatında istilik sistemlərinin quraşdırılması başa çatdırılıb. Ötən il soyuducu anbarlara 8700 ton meyvə-tərəvəz məhsullarının tədarükü həyata keçirilib.
Bildirilib ki, Sahibkarlığın İnkişaf Fondu tərəfindən 142 layihənin maliyyələşdirilməsinə 15 milyon 577 min manat məbləğində güzəştli kreditlər ayrılıb. Bu kreditlərin 11 milyon 798 min manatı sənayenin, 2 milyon 831 min manatı kənd təsərrüfatının inkişafına, 948 min manatı isə xidmət sahələrinin yaradılmasına yönəldilib.
Tapdıq Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə ötən ilin “İxrac ili” elan olunması muxtar respublikanın sosial-iqtisadi imkanlarını daha da genişləndirib, yüksək keyfiyyətli məhsulların ixrac potensialını təmin edib. Muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı müəssisələrdə istehsal olunan vafli məhsulları, tütün məmulatları, travertin, mərmər, mebel məmulatları, mineral sular, kapsul preformaları ötən il Gürcüstan, Türkiyə, Estoniya, İraq, İran, Türkmənistan, Yəmən, Oman sultanlığı, Belçika Krallığı olmaqla, 12-dən çox ölkəyə ixrac olunub. Muxtar respublikada istehsal olunan məhsulların ixracı məqsədilə Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 127 halda mənşə sertifikatı verilib. Bu tendensiya davam etməkdədir. Keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi də diqqətdə saxlanılıb. Latviya Milli Akkreditasiya Bürosu Dövlət Agentliyinin ekspertləri “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi Qida-Sınaq Laboratoriyasında məsafədən, akkreditasiya sənədləşməsi və analizlər üzrə yoxlamalar apararaq laboratoriyanın beynəlxalq tələblərə uyğunluğunu müsbət qiymətləndiriblər.
Sonra məruzə ətrafında çıxışlar olub, 2021-ci ilin iş planı təsdiqlənib.
Adilə Səfərova