Naxçıvanda 150 milyon ABŞ dollarından çox sənaye məhsulu ixrac olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2018-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. NUHÇIXAN xəbər verir ki, iclasda nazir Famil Seyidov  bildirib ki, 2018-ci ilin birinci yarım ili ərzində ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 246 milyon manatdan artıq olub. Bu da bir il öncəki göstəricidən   1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2748 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlə sənaye tutur.

Nazir qeyd edib ki, 2018-ci ilin 6 ayı ərzində sənaye məhsulu istehsalının həcmi 1,4 faiz, əsas kapitala yönəldilən investisiyaların həcmi 2,1 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 3,6 faiz artıb.

Bu dövrdə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 5-i özəl investisiyalı olmaqla, 29 istehsal və xidmət sahəsinin istifadəyə verildiyini deyən nazir vurğulayıb ki, yeni yaradılan müəssisələrdə 272 iş yeri açılıb,  20 layihənin icrası isə davam etdirilir. İqtisadi inkişafdakı rolu nəzərə alınaraq 2018-ci ilin ötən dövründə 12 ailə təsərrüfatına 145 min manat dövlət maliyyə dəstəyi göstərilib.

Sənayedə istehsalının həcminin artması nəticəsində cari ilin 6 ayı ərzində 150 milyon ABŞ dollarından çox sənaye məhsulu ixrac olunub.

Cari ilin ilk 6 ayında əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə Babək rayonunun Nehrəm kəndində tutumu 2500 ton olan soyuducu anbarın qurulması davam etdirilib.

 Qeyd edib ki, 2018-ci ilin 6 ayı ərzində “Nахçıvаn Biznеs Mərkəzi” MMC tərəfindən sərgi-satış məqsədilə 722 adda 10 min 671 manat dəyərində əl işi və sənət əsəri qəbul edilib, 171 adda 2340 manat dəyərində əl işlərinin satışı həyata keçirilib.

Sonra məruzə ətrafında nazirliyin əməkdaşlarının çıxışları dinlənilib.

 Kollegiya iclasına Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Famil Seyidov yekun vuraraq bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrə əsasən nazirlik yeni istehsal müəssisələrinin yaradılmasına bundan sonra da diqqəti artıracaq. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün dövlət dəstəyi gücləndiriləcək, yeni investisiyaların cəlbi və təşviqi istiqamətində tədbirlər görüləcəkdir.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: