Avropanın nüfuzlu “Euractiv” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Orxan Bağırovun “Naxçıvan dəhlizi Qafqazda nəqliyyat bağlantılarını artıracaq” adlı məqaləsi dərc edilib.
Mərkəzin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, məqalədə əsas diqqət noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan bəyanatda yer alan Ermənistanın Mehri rayonundan keçərək Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər rayonları ilə birləşdirəcək dəhlizin respublikamız və regionun digər ölkələri, o cümlədən regional nəqliyyat layihələri üçün yaratdığı yeni imkanlara yönəldilib.
Naxçıvan dəhlizinin açılmasının muxtar respublikanın iqtisadi blokadadan azad olunmasına imkan yaradacağının qeyd edildiyi məqalədə deyilir: “Hazırda Naxçıvan ilə hava və quru əlaqəsi İran və ya Türkiyə vasitəsilə mümkündür. Ona görə də Naxçıvanla birbaşa əlaqənin qurulması vaxtı və xərcləri azaltdığından Azərbaycan və Naxçıvan üçün yeni iqtisadi inkişaf imkanları yaradacaq. Eyni zamanda, Naxçıvanın təhlükəsizliyi ilə bağlı narahatlıqlar da aradan qalxacaq”.
Müəllif bildirib ki, Naxçıvan dəhlizi, eyni zamanda, region ölkələri üçün yeni imkanlar yaradacaq, Türkiyə bu dəhlizdən istifadə etməklə Azərbaycana birbaşa çıxış əldə edəcək. “Türkiyə ilə Azərbaycanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə müqayisədə Naxçıvan dəhlizindən keçən yol 340 km daha qısa olacaq. Bu da məsafəni və xərcləri azaltmaqla Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına imkan yaradacaq. Dəhliz, həmçinin Azərbaycanla Türkiyə arasında turizm əlaqələrinin inkişafına da səbəb olacaq”, - deyə Orxan Bağırov qeyd edib.
Vurğulanıb ki, Naxçıvan dəhlizinin yaradılması regionun digər ölkələri ilə alternativ quru yolunun açılmasına imkan yaratdığından Rusiya üçün də faydalı olacaq. Belə ki, Rusiyanın dəmir yolu şəbəkəsi Azərbaycanın dəmir yolları ilə əlaqəli olduğundan bu ölkədən gələn qatarlar Naxçıvan dəhlizinə çataraq oradan asanlıqla İran, Türkiyə və Ermənistana gedən xətlərə birləşdiriləcək. Əgər Ermənistan sülhə yönələn siyasətə və əməkdaşlığa üstünlük verərsə, o zaman Naxçıvan dəhlizindən o da faydalana bilər. Bu dəhlizdən istifadə etməklə Ermənistan özünün iqtisadi blokadasına son qoya, regional nəqliyyat layihələrinə qoşula və ən əsası, Avrasiya İqtisadi Birliyinin (AİB) bazarlarına çıxış əldə edə bilər.