Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Komissiyasının 14-cü iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasına səfər edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfər çərçivəsində Ş.Mustafayev İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd, yol və şəhərsalma naziri Məhəmməd Eslami və energetika naziri Rza Ərdəkanian ilə görüşüb, danışıqlar aparıb.
Görüşlər zamanı ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin əhəmiyyətini vurğulayan İran rəsmiləri Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması və Dağlıq Qarabağ münaqişəsinin başa çatması münasibətilə təbriklərini çatdırıblar. Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk günlərdən etibarən İranın Azərbaycan Respublikasının haqlı mövqeyini dəstəklədiyini bəyan ediblər. Eyni zamanda, İran tərəfinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərində hərtərəfli dəstək göstərməyə hazır olduğu ifadə olunub.
Müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırmasının İranda xoş qarşılandığı və yüksək qiymətləndirildiyi qeyd edilib. Regionda sülh, sabitlik və dayanıqlı inkişafın təmin olunması üçün anlaşılmazlığa səbəb olan və münasibətlərin gərginləşməsinə zəmin yaradan hər hansı bir hərəkət və ya addımdan çəkinməyin zəruriliyi qeyd edilib və fikir ayrılığının dialoq və danışıqlar yolu ilə aradan qaldırılmasının vacibliyi vurğulanıb. Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq platforması çərçivəsində keçirilən Zirvə görüşlərinin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası və keçirilən görüşlər zamanı iki ölkə münasibətlərinin gündəliyindəki məsələlər və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. İclasın yekununda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasının Anlaşma Memorandumu imzalanıb.
İranın Yol və Şəhərsalma Nazirliyində keçirilən görüş zamanı ölkələrimiz arasında yol-nəqliyyat və yüklərin daşınması sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, xüsusilə dəmir yolu ilə yük daşımaları sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin imkanları araşdırılıb.
Energetika Nazirliyində keçirilən görüşdə ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, icrada olan layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-İran-Rusiya enerji sistemlərinin sinxronlaşdırılması və Azərbaycan-İran-Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri müzakirə edilib. Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün icra olunan layihələrin əhəmiyyəti vurğulanıb. “Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər üzrə razılıq əldə olunub, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün atılacaq növbəti addımlar müzakirə edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini Şahin Mustafayev görüşlər zamanı Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi, həmin ərazilərdə törədilmiş erməni vəhşiliyi, xüsusilə dini abidələrin dağıdılması və təhqir olunması ilə bağlı ətraflı məlumat verib, azad olunmuş ərazilərin tezliklə və tam bərpa ediləcəyini bildirib.