KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb

A- A A+

Ölkəmizdə səfərdə olan Türkiyənin İş adamları və Sahibkarlar Dərnəyinin (“TÜMKİAD”) nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.

Agentlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və TÜMKİAD-ın idarə heyətinin sədri İlhami Öztürk arasında keçirilmiş görüşdə agentliyin fəaliyyəti, KOB-lara dəstək mexanizmləri, KOBİA və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlıq barədə məlumat verilib. KOBİA və TÜMKİAD arasında əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə O.Məmmədov işğaldan azad olunan ərazilərimizin böyük iqtisadi potensiala malik olduğunu, türk şirkətlərinin bu ərazilərdə aparılan yenidənqurma işlərində iştirakı və investisiya qoyuluşu üçün geniş imkanların olduğunu vurğulayıb. Həmçinin agentlik türkiyəli investorların Azərbaycan KOB-larının layihələrinə cəlb edilməsinə, hər iki ölkənin biznes assosiasiyaları arasında əməkdaşlığın genişləndirilməsinə dəstək göstərə bilər.

İ.Öztürk isə görüşdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüş çərçivəsində KOBİA və TÜMKİAD arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri O.Məmmədov və TÜMKİAD-ın idarə heyətinin sədri İ.Öztürk imzalayıblar. Anlaşma memorandumunda hər iki ölkənin KOB-ları üçün qarşılıqlı sәrmayә yatırımlarının hәyata keçirilmәsinә dәstәyin göstәrilmәsi, birgә tәdbirlәrin tәşkili, qarşılıqlı işgüzar sәfәrlәr zamanı zәruri әlaqәlәndirmәnin təmin olunması, informasiya vә qabaqcıl tәcrübә mübadilәsi nəzərdə tutulur.

Qeyd edək ki, TÜMKİAD Türkiyənin iş adamlarının birliyidir və sıralarında iqtisadiyyatın 27 sektoru üzrə 350-dən çox şirkəti birləşdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: