Son illər ərzində muxtar respublikada irimiqyaslı və hərtərəfli iqtisadi islahatlar uğurla reallaşdırılıb, həyata keçirilən davamlı tədbirlər sayəsində əlverişli biznes və investisiya mühiti formalaşdırılıbdır.
Müasir zəmanəmizin bütün çağırışlarına tam cavab verən çoxşaxəli və sənayenin dinamik inkişafında xüsusi önəm daşıyan yeni-yeni qabaqcıl müəssisələr fəaliyyətə başlayıbdır. Sevindirici haldır ki, həmin müəssisələr arasında həm daxili bazarın tələbatını ödəmək qabiliyyətində olan, həm də ixracyönümlü məhsul buraxan istehsalat sahələri çoxluq təşkil edir.
Sahibkarlığın inkişafında dövlət dəstəyi mexanizmlərinin və təşviq alətlərinin tətbiqi, sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının sadələşdirilməsi, ümumilikdə özəl bölmənin inkişafını stimullaşdırmaqla yanaşı, istehsal prosesi zamanı yaranan xərclərin əhəmiyyətli hissəsinin azalmasına səbəb olubdur. Bu da öz növbəsində məhsulun maya dəyərinin aşağı düşməsinə imkan verməklə istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinin yüksəlməsinə şərait yaratmışdır.
Bu baxımdan Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasında, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal və emal sahələrinin, həmçinin müasir infrastrukturun yaradılmasında dövlət maliyyə dəstəyi əhəmiyyətli investisiya mənbəyidir.
Bu məqsədlə 2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən müxtəlif sahələr üzrə 142 layihənin maliyyələşdirilməsinə 15 milyon 577 min manat məbləğində güzəştli kreditlər ayrılıbdır. Bu kreditlərin 11 milyon 798 min manatı yeni emal müəssisələrinin yaradılması və mövcud müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə sənayenin müxtəlif sahələrinə yönəldilibdir.
Güzəştli dövlət maliyyə dəstəyindən yararlanmaqla rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən sənaye müəssisələrinin yaradılması müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, idxaldan asılılığın azaldılması ilə yanaşı, ixrac potensialının artırılmasında da əhəmiyyətli rol oynayır.
Həmçinin 2020-ci ildə kənd təsərrüfatı sahəsində yeni investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi, məhsuldarlığın ilbəil artması ilə bağlı meyvə-tərəvəz məhsullarının tədarükünün daha səmərəli təşkili sahəsində işlər davam etdirilibdir. Belə ki, süd məhsullarının istehsalı və qablaşdırılması, quşçuluq, arıçılıq, bağçılıq, əkinçilik, qovurma istehsalı, fermerlərin tələbatdan artıq istehsal etdikləri kənd təsərrüfatı məhsullarını uzun müddət saxlamaları üçün soyuducu anbar və əhalinin tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün istixana kompleksi sahələrinin yaradılmasına Sahibkarlığın İnkşafı Fondu tərəfindən 131 layihə üzrə 2 milyon 831 min manat dövlət maliyyə dəstəyi göstərilibdir. O cümlədən, ötən il Fond tərəfindən 3490 kvadrat metr sahəsi olan 3 istixana təsərrüfatının yaradılmasına 27 min manat, ümumi tutumu 1720 ton olan 6 soyuducu anbarın yaradılmasına 821 min manat güzəştli kredit vəsaiti ayrılıbdır.
Qeyd edək ki, dövlət maliyyə dəstəyi hesabına ümumi tutumu 1050 ton olan 2 soyuducu anbarın yaradılması davam etdirilir.
Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi son illərdə muxtar respublikanın rayon və kəndlərində xeyli sayda kiçik müəssisələrin yaranmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə təsir edən mühüm faktorlardandır.
Bu gün muxtar respublikada ərzaq təhlükəsizliyinin təminatında, əhalinin meyvə-tərəvəz və konservləşdirilmiş məhsullarla təmin olunmasında aqrar sahədə aparıcı mövqeyə malik ailə təsərrüfatlarının rolunu xüsusi qeyd etmək lazımdır. Ötən il bu istiqamətdə müəyyən edilmiş tapşırıqlara müvafiq olaraq yeni ailə təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, onların fəaliyyətinin stimullaşdırılması və istehsal sahələrinin genişləndirilməsi üçün 50-ə yaxın ailə təsərrüfatına 603 min 600 manat dövlət maliyyə dəstəyi göstərilibdir.
Həmçinin il ərzində mütəmadi olaraq Fond tərəfindən verilmiş kreditlərin iqtisadi səmərəliliyi araşdırılıb, təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə sahibkarlıq subyektlərində mütəmadi olaraq monitorinqlər keçirilib, kreditlərin ödəmə müddətləri və vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə işləri aparılıbdır.
Bütün bu faktlar bir daha onu göstərir ki, muxtar respublikada sahibkarlığın inkişafı daim dövlət dəstəyi və qayğısı ilə əhatə olunub və bundan sonra da davam etdiriləcəkdir. Çünki bu, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti