Bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda iqtisadiyyatın şaxələndirilməsi, dünya bazarına daha çox növ və çeşiddə məhsulların çıxarılması, milli brendlərin yaradılması, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası mühüm istiqamət kimi qarşıya qoyulubdur.
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, prioritet sənaye sahələrinin müəyyən olunması, ixracyönümlü yerli məhsulların həcminin artırılması son illərdə aparılan iqtisadi islahatların əsas tərkib hissəsini təşkil edir. Aydındır ki, iqtisadiyyatın şaxələndirilməsində, yerli məhsulların ixrac bazarlarının artırılmasına nail olunmasında ən mühüm faktorlardan biri rəqabət qabiliyyətli məhsul istehsalıdır. Rəqabət qabiliyyətlilik isə bir neçə amilə əsaslanır ki, onlardan ən əsası keyfiyyət amilidir. Xüsusilə ərzaq məhsullarının keyfiyyətinə nəzarətin beynəlxalq normalara uyğun aparılması ixracda xüsusi əhəmiyyətlidir.
Eyni zamanda daxili bazarda təklif olunan məhsulların keyfiyyət standartlarına cavab verməsi istehlakçıların hüquqlarının qorunmasına, əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsinə şərait yaradır.
Muxtar respublikada istehsal edilən və idxal olunan qida, eləcə də ixrac edilən qida məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin olunmasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna rolu var. 2001-ci ildən fəaliyyət göstərən Mərkəzin əsas iş prinsipi istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və daxili bazarı keyfiyyətsiz məhsullardan qorunması sahəsində dövlət nəzarətini təmin etməkdən ibarətdir. Bunun üçün ötən dövrdə cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib, ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə, Çin, Belarusiya, Rusiya, Hindistan istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınaraq quraşdırılıbdır.
Milli brendlərin yaradılması, məhsul ixracınının artırılması, ixrac bazarlarının genişləndirilməsi ölkəyə valyuta axınını təmin edən amillərdir. Bu baxımdan yerli məhsulların keyfiyyətinin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasının vacibliyi günün tələbidir. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası 28 yanvar 2014-cü il tarixli Latviya Respublikasının beynəlxalq akkreditasiya orqanı olan Latviya Milli Akkreditasiya Bürosu (LATAK) akkreditasiya orqanının qərarına əsasən LATAK-T-492-00-2014 nömrəsi ilə qeydiyyata alınmış və İSO/İEC 17025:2005 standartı üzrə akkreditasiyası başa çatdırmaqla muxtar respublikada qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edən ilk laboratoriya olubdur. Bağlanmış razılıq protokoluna əsasən 12 noyabr 2020-ci il tarixdə LATAK akkreditasiya orqanının ekspertləri mərkəzi qida sınaq laboratoriyasını İSO/İEC 17025:2017 standartı üzrə məsafədən illik akkreditasiya yoxlamalarını aparıblar. Yoxlama nəticəsində laboratoriyanın fəaliyyəti müsbət qiymətləndirilib. Mərkəzi Qida Sınaq Laboratoriyası 12 parametr üzrə beynəlxalq akkreditasiya sahəsində T-492 nömrəsi ilə qeydiyyatdan keçib.
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də yerli istehsal və idxal məhsullarında orqanoleptiki, fiziki-kimyəvi, mikrobioloji, radioloji və toksikoloji göstəricilərin yoxlanması təşkil edir.
Ötən il hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş 89 mal çeşidini əhatə edən 765 səyyari və 1822 halda mal nümunəsi laboratoriya analizindən keçirilibdir. Aparılmış laboratoriya təhlilləri, əsasən, 1552 yerli istehsal məhsullarını və 270 idxal məhsullarını əhatə edib. Nəticədə, 1818 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 4 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.
Muxtar respublika iqtisadiyyatında aqrar bölmənin aparıcı qüvvələrindən biri olan ailə təsərrüfatlarının fəaliyyətlərinin stimullaşdırılmasını, onların istehsal etdikləri məhsullarının keyfiyyətinə nəzarət etməklə rahat bazara çıxarmalarını təmin etmək məqsədilə 2020-ci ildə Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 557 halda məhsullarda laboratoriya analizləri aparıb və 557 nümunənin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyən edilib.
Muxtar respublikada xаrici iqtisаdi əlаqələrin gеnişləndirilməsinə böyük diqqət və qayğının göstərilməsi, sahibkarlığa sistemli dövlət dəstəyi istеhsаl оlunаn məhsullаrın ixrac imkanlarının artmаsına, iqtisadi əlaqələrimizin daha da genişlənməsinə, məhsullarımızın dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına zəmin yaratdır. Yerli məhsulların xarici bazara çıxış imkanlarının asanlaşdırılmasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən verilən mənşə sertifikatı mühüm rol oynayır. Ötən il bu istiqamətdə Mərkəz tərəfindən muxtar respublikada istehsal olunan məhsulların Gürcüstan Respublikası, Türkiyə Respublikası, Əfqanıstan Respublikası, Ukrayna Respublikası, Amerika Birləşmiş Ştatları, Belçika Krallığı, İran İslam Respublikası, Birləşmiş Ərəb Əmirliyi, Omon Sultanlığı, Yəmən Respublikası, Türkmənistan Respublikası və İraq Respublikasına ixrac olunması üçün 127 halda mənşə sertifikatı verilibdir.
Muxtar respublikada sahibkarlığın hərtərəfli inkişafı üçün dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi, daxili bazarın qorunması yolu ilə yerli istehsalçıların işinin stimullaşdırılması, sənaye müəssisələrində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının gündən-günə artması, yeni ixrac bazarlarına yerli məhsulların çıxarılması ötən illərdə olduğu kimi 2021-ci ildə də prioritet olaraq qalacaqdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti