Bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə xəbər verilib. Bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının tərəfdaşlığı ilə “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən forumun məqsədi işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılması, qida və ictimai iaşə sektorunun sahibkarları ilə pandemiya və postpandemiya dövrü ilə əlaqədar müzakirələrin aparılması olub.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və onun struktur bölmələri, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi və Dövlət Turizm Agentliklərinin nümayəndələri, qida və ictimai iaşə sektorunda çalışan sahibkarlıq subyektləri və biznes assosiasiyalarının iştirak etdiyi foruma “Badamlı Mineral Sular”, “Ləzzət Qida Sənaye”, “Cahan Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin, “Savalan-s” Kiçik Müəssisəsinin nümayəndələri də qoşulub.