Gənclər Gününə həsr olunan təlim keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin və Naxçıvan Gənclər Fondunun təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunan "Qənaətcil büdcəmiz" adlı təlim keçirilib. Gənclər Fondunda təşkil olunan təlimə 40-dan çox gənc cəlb olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev ölkəmizdə həyata keçirilən gənclər siyasəti və onun uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında da gənclərlə iş yüksək səviyyədə qurulub, onların asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bu gün muxtar respublika gəncləri bir sıra layihələrdə uğurla iştirak edir və bu onların gələcəkdə vətənpərvər, sağlam vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.
Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova diqqətə çatdırıb ki, muxtar respublikada gənclərin sağlam, vətənpərvərlik ruhunda böyümələri, yüksək səviyyədə təhsil almaları, həmçinin onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək məqsədilə keçirilən tədbirlər davamlı xarakter alıb. Təlimin məqsədindən də danışan Mehriban İmanova vurğulayıb ki, bu təlim gənclərin maliyyə risklərini və imkanlarını qiymətləndirmək bacarıqlarını artırmaq, onların maliyyə savadlılığı üzrə biliklərini təkmilləşdirməklə yanaşı, bu istiqamətdə səmərəli addımlar atmalarını təmin etməkdən ibarətdir.
Maliyyə Nazirliyinin əməkdaşı Qənbər Xudiyevin təqdimatında keçirilən təlimdə gənclərin maliyyə məqsədləri üçün büdcənin planlaşdırılmasının əhəmiyyəti, büdcənin idarə olunmasında xərclərin müəyyən edilməsi və gəlir yollarının araşdırılması, pul vəsaitlərinin effektiv idarə olunması ilə gəlirlərin artırılması, yığım metodları və bacarıqlarının öyrənilməsi və digər mövzularda ətraflı məlumat verilib. Təlimçi eyni zamanda gənclərə büdcə anlayışı ilə bağlı müxtəlif mövzularda suallar ünvanlayıb. 3 komandanın iştirak etdiyi təlim gənclər üçün maraqlı və olduqca maarifləndirici olub. Mövzulara uyğun interaktiv mərhələ keçirilib və bu nəticələrlə əlaqədar qalib komandalar müəyyən edilib. Yekun nəticələrə əsasən “Xarıbülbül” komandası birinci, “Xudafərin” komandası ikinci, “Suqovuşan” komandası isə üçüncü yerin qalibi olublar.
Təlim müddətində fərqlənən istedadlı gənclərə və qalib komandalara Mərkəz tərəfindən Sertifikat və hədiyyələr təqdim olunub.
Ərhan Novruzov