Naxçıvan Muxtar Respublikasında ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on dördüncü tirajının qalibləri müəyyənləşib. Bu barədə Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir.
1 iyul 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov bildirib ki, “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası uğurla davam etdirilir.
Vurğulanıb ki, ümumilikdə 2014-cü ildən başlayaraq keçirilən 13 tirajda 3415 vətəndaşa 215 min manat dəyərində müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 14-cü tirajında 442 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim olunub.
Qeyd edilib ki, aparılan işlər nəticəsində nağdsız ödənişlərin əsas vasitələrindən olan POS-terminal aparatlarının sayı muxtar respublika üzrə 01 fevral 2021-ci il tarixə 1417 ədədə çatdırılıb və bu istiqamətdə işlər davam etdirilir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Orxan Abdullayev nəzərə çatdırıb ki, 2020-ci ilin yanvar-dekabr aylarında POS-terminal və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 89 milyon 398 min 506 manat təşkil edib.
Sonra nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, oxşar tədbirlər Naxçıvan şəhəri ilə yanaşı Şərur, Babək, Culfa, Ordubad, Şahbuz, Kəngərli və Sədərək rayonlarında da keçirilib. Bütün qaliblərə mükafatları təqdim olunub.