Təhsil sahəsində çalışan mühasibatlıq işçiləri üçün təlim keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir. Bu dəfə Təhsil sahəsində çalışan mühasibatlıq işçiləri təlimlərə cəlb ediliblər.
4 günlük təlimdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 12 maliyyə-mühasibat işçisi iştirak edib.
Mərkəzin direktoru Mehriban İmanova təlimin aktuallığı və mahiyyəti barədə məlumat verib. Təlimin ilk günü Naxçıvan Şəhar İcra Hakimiyyəti Aparatının sektor müdiri-baş mühasibi Elvin Əlimərdanov “Büdcə təşkilatlarında maliyyə hesabatlarının hazırlanması mərhələləri" mövzusunda çıxış edib. İştirakçılara əməliyyat jurnallarında qeydiyyatın aparılması, dövriyyə cadvəllərinin hazırlanması, maliyyə hesabatlarının tərtib edilməsi və digər modullar barədə məlumatlar verilib.
Təlimin ikinci günündə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanovanın "Büdcə taşkilatlarında maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı" mövzusu ilə bağlı təlim iştirakçılarına ətraflı məlumat verməsi və müvafiq praktiki tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulur.
Növbəti günlər gündəliyə uyğun olaraq "Büdcə təşkilatlarında vergi uçotunun təşkili" və "Büdcə təşkilatlarında əmək münasibətlərinin hüquqi tanzimlənməsi mövzularında təlimlər keçiriləcək.
Məqsəd mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Qeyd edək ki, təlimin sonunda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi aparılacaq və iştirakçılara Mərkəzin sertifikatları təqdim ediləcək.
Mahmud Hüseynov