Azərbaycanla Türkiyə nəqliyyat və rabitə sahəsində əməkdaşlıq memorandumu imzalayıb - FOTOLAR
Azərbaycan ilə Türkiyə nəqliyyat və rabitə sahəsində tədqiqat və inkişaf üzrə əməkdaşlıq memorandumu imzalayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Türkiyədə səfərdə olan nazir Rəşad Nəbiyev qardaş ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə nəqliyyat, kibertəhlükəsizlik və rabitə sahələrində qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib. Görüşdə müvafiq sahələr üzrə əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik bildirilib.
Həmçinin R.Nəbiyevlə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank arasında görüş keçirilib. Görüşdə İKT, innovasiyalar üzrə əməkdaşlıq məsələləri və qardaş ölkənin uğurlu təcrübəsinin Azərbaycanda tətbiqi müzakirə predmeti olub.
Bundan əlavə, Türkiyənin rəqəmli transformasiya ofisinin rəhbəri Ali Taha Koçla görüş baş tutub. Görüş zamanı süni intellekt, böyükhəcmli məlumatlar və “Hökumət buludu” mövzusunda gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Müştərək layihələrin icrası və təcrübə mübadiləsi barədə razılığa gəlinib.
Eyni zamanda, R.Nəbiyev Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumunu ziyarət edib. Nazir Türkiyənin telekommunikasiya və poçt xidmətləri, tənzimləmə qaydaları və təcrübəsi ilə tanış olub.
Səfər çərçivəsində Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında nəqliyyat və rabitə sahəsində tədqiqat və inkişaf üzrə əməkdaşlıq memorandumu imzalanıb.