Naxçıvanda ümumi daxili məhsul istehsalının 88 faizi, istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Biznes Mərkəzində keçirilən sahibkarlarla işgüzar tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.
Ali Məclisin Sədri bildirib ki, muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılıb, biznes subyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilib, əlverişli investisiya mühiti yaradılıb. Hazırda muxtar respublikada ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür.
Həmçinin qeyd olunub ki, sahibkarlığın inkişafında başlıca hədəf sosial-iqtisadi səmərəlilikdir. Son illər muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait iqtisadiyyatın dinamik inkişafını təmin etməklə yanaşı, iş yerləri də açılıb, əhalinin məşğulluğu və rifahı yüksəlib. Hazırda muxtar respublikada məşğul əhalinin 85 faizi özəl sektorda çalışır, istehsal edilən sənaye məhsulunun 93 faizini özəl bölmə təşkil edir.