Son illərdə aparılan məqsədyönlü tədbirlər, iqtisadiyyatın bütün sahələrinin, xüsusilə sənayenin davamlı inkişafına yönəlmiş inkişaf strategiyasının düzgün seçilməsi, dövlət proqramlarının vaxtında və uğurlu icrası muxtar respublikada ümumi daxili məhsulun və onun adambaşına düşən hissəsinin ilbəil artımına səbəb olub. Sahibkarlığın inkişafı üçün yaradılan hərtərəfli şərait, maliyyə resurslarına sərbəst çıxış imkanları, bu sahədə qanunvericilik bazasının gücləndirilməsi, əlverişli investisiya və biznes mühitinin formalaşmasının nəticəsidir ki, hər il rəqabətədavamlı məhsul istehsal edən müəssisələr istifadəyə verilir, yeni iş yerləri yaradılır, ixracyönümlü məhsul istehsalı artır, ixrac bazarlarının coğrafiyası genişlənir. Muxtar respublikada sosial-infrastruktur obyektlərinin tikilərək istifadəyə verilməsi, kommunal xidmət sahəsində keyfiyyətin yüksəldilməsi, sənaye zonalarının yaradılması sahibkarlığın inkişafına əlavə stimul verməklə yanaşı, regionun investisiya cazibədarlığının yüksəlməsinə də səbəb olur.
Muxtar respublikada iqtisadi fəaliyyət sahələrinin əsas mərkəzi Naxçıvan şəhəridir. Bu mənada, Naxçıvan şəhərini muxtar respublikanın sənaye mərkəzi adlandıra bilərik. Ötən dövrdə Naxçıvan şəhərində genişmiqyaslı infrastruktur layihələri gerçəkləşib, iqtisadiyyatın bütün sahələri inkişaf edib, yeni təsərrüfat sistemi formalaşıb. Bütün bu uğurların nəticəsidir ki, 2020-ci ildə Naxçıvan şəhərində 2010-cu ilə nisbətən sənaye məhsullarının istehsalı 4,3 dəfə artıb.
Hazırda şəhərdə 100-dən artıq ixtisaslaşmış sənaye müəssisəsi fəaliyyət göstərir. Plastmas qablardan tutmuş avtomobillərə, polietilen torbalardan mebellərə, quş ətindən tutmuş şirniyyat məhsullarına qədər çox geniş profildə məhsullar istehsal edən müəssisələr muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasında, əhalinin keyfiyyətli qida məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayır. Bu sırada “Ləzzət Qida Sənaye”, “Gəmiqaya Qida Məhsulları”, “Gəmiqaya Meyvə Məhsulları”, “Cahan TEA”, “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, “Müasir Məkan”, “Hilal” ət və ət məhsulları müəssisələrinin, tikinti sektorunda aparıcı mövqeyə malik olan “Gəmiqaya Daş Məhsulları”, “Cahan Sənaye Kompleksi”, “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, ölkəmizin maşınqayırma sənayesində özünəməxsus yeri olan Naxçıvan Avtomobil Zavodunun, mebel, kimya, yüngül, metallurgiya, energetika sənaye sahələri üzrə ixtisaslaşmış digər müəssisələrin adlarını sadalaya bilərik.
Yеrli istеhsаlın stimullаşdırılmаsı Naxçıvan şəhərində sənаyе sеktоrunun yüksək tеmplə inkişаfını təmin edib və 2020-ci ildə şəhərdə sənaye məhsulunun ümumi həcmi 762 milyon 63 min 900 manata çatıb. Beləki, ötən il muxtar respublikada istehsal olunan sənaye məhsulunun 73,3 faizi Naxçıvan şəhərinin payına düşüb.
Muxtar respublikada biznes mühitinin inkişafına yönəlmiş iqtisadi siyasət və dövlət dəstəyi nəticəsində Naxçıvan şəhərində yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, istehsal proseslərinin mütəmadi xarakter alması daimi iş yerlərinin yaradılmasını şərtləndirir ki, bu da əhalinin rifah halının yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir. 2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvan şəhərində avtomobil istehsalı sahəsinin genişləndirilməsinə, enerji içkisi istehsalı sahəsinə, kapsul və qapaq sahəsinə, plastik məmulatların istehsalına və digər sənaye sahələrinə, ümumilikdə, 11 milyon 787 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,7 faiz çoxdur.
Ötən il dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Naxçıvan şəhərində qaynaq çubuğu (elektrod), su əsaslı boya (emulsiya), tullantıların yığılması, emalı, ləğv edilməsi və topdan satışı sahəsinin, bitki toxumundan yağ istehsalı sahəsinin, 5 heyvandarlıq, 3 arıçılıq təsərrüfatının, 2 unlu-qənnadı məmulatların istehsalı və tərəvəz məhsullarının konservləşdirilməsi sahəsinin yaradılması, “Gənclər Yaşayış Kompleksi”nin tikintisi, “Decoria” Alış-Veriş Mərkəzinin yenidən qurulması, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin, bir heyvandarlıq və bir istixana təsərrüfatının genişləndirilməsi işi başa çatdırılıb. Ümumilikdə, 2020-ci ildə Naxçıvan şəhərində 14-ü dövlət, 5-i özəl investisiya hesabına olmaqla, 19 layihə üzrə işlər başa çatdırılıb, 298 yeni iş yeri açılıb. Naxçıvan şəhərində son illər ərzində sənayenin, kənd təsərrüfatının və sosial sahələrin inkişafı nəticəsində 2004-cü ildən bu günədək ötən dövrdə açılan iş yerlərinin sayı 34 mini ötüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan olunması muxtar respublikanın sosial-iqtisadi imkanlarını daha da genişləndirdi, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulların ixrac potensialının artırılmasını təmin etdi. Sahibkarlıq subyektlərinin əlaqələrinin inkişaf etdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, istehsal olunan məhsulların ixrac imkanlarının artırılması və xarici ölkələrdə tanıdılması məqsədilə 2020-ci ildə dövlət dəstəyi ilə ölkə daxilində və xaricdə kеçirilən 5-i onlayn olmaqla 8 beynəlxalq tədbirdə Naxçıvan şəhərindən 6 sahibkarlıq subyektinin 10 nümayəndəsinin iştirakı təmin olundu.
Naxçıvan şəhərində fəaliyyət göstərən müəssisələrin əksəriyyəti hazırda daxili tələbatı yüksək səviyyədə ödəməklə yanaşı, öz məhsullarını ölkəmizin digər regionlarına, eləcə də bir sıra xarici bazarlara ixrac edir. Muxtar respublikanın əsas sənaye qüvvəsini təşkil edən ixrac potensiallı bu müəssislərdə istehsal olunan vafli məhsulları, tütün məmulatları, travertin, mərmər, mebel məmulatları 2020-ci ildə Gürcüstan, Türkiyə, ABŞ, İran, Türkmənistan, Rusiya, Əfqanıstan, Çin, Yəmən, Oman Sultanlığı, Belçika Krallığı da daxil olmaqla, 10-dan çox ölkəyə ixrac olunub. Ötən ildən etibarən ənənəvi məhsullarımızla yanaşı, siqaret və mebel məmulatlarının da ixracına başlanılması, ABŞ, Yəmən, Oman Sultanlığı, Əfqanıstan kimi ölkələrin bu istehsal məhsullarının ixracında yeni satış bazarları kimi çıxış etməsi “İxrac ili”nin mühüm nailiyyətlərindəndir.
Hazırda muxtar respublikamızda, o cümlədən Naxçıvan şəhərində sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir.
Mehparə Məmmədova
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin
Elmi-Tədqiqat Tədris Mərkəzinin elmi işçisi