Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı tikilir - FOTOLAR
Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə bir sıra layihələrin icrasına başlanılıb. Belə layihələrdən biri də Füzuli rayonu ərazisində beynəlxalq hava limanının tikintisidir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, “Füzuli Beynəlxalq Hava Limanının tikintisi” layihəsinə aerovağzal (terminal) binası, 3000x45 metr ölçüdə asfalt-beton örtüklü uçuş-enmə zolağı, perron, yönəldici yol, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, aeronaviqasiya və meteoroloji avadanlıqların quraşdırılması, transformator yarımstansiyalarının tikintisi, köməkçi binalar, qurğular və xarici mühəndis-kommunikasiyalarının inşası (elektrik, qaz, su və rabitə) aiddir.
Əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının tikintisinə başlanılıb.
Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni hər tərəfdə 7,5 metr təhlükəsiz zolağı da daxil olmaqla 60 metrdir. Hazırda minalardan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülü hazırlanır. Bunun üçün torpaq yatağı çıxarılıb, əvəzinə təbii çınqıl materialı verilməklə hamarlanır və kipləşdirilir. Çınqıl işləri başa çatdıqdan sonra asfalt-beton örtüyü salınacaq.
Uçuş-enmə zolağının ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.